Məzmuna keç

Meyvə və tərəvəzlərin atılan hissələri əsas lif mənbəyidir – ARAŞDIRMA

Britaniyalı alimlər meyvə və tərəvəzlərin qabıq, sap və tum kimi adətən tullantı hesab edilən hissələrinin zəngin pəhriz lifi mənbəyi olduğunu müəyyən ediblər.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mütəxəssislər bu hissələrin qida rasionuna daxil edilməsini tövsiyə edirlər.

Araşdırmalara görə, yetkin insanların yalnız 4 faizi gündəlik tövsiyə olunan 30 qram lif qəbulunu təmin edir. Lif həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, toxluq hissini uzadır, həmçinin ürək xəstəlikləri və bağırsaq xərçəngi riskinin azalması ilə əlaqələndirilir.

“King’s College London” alimləri 12 növ meyvə və tərəvəzi araşdıraraq onların adətən atılan hissələrinin də yüksək lif tərkibinə malik olduğunu müəyyən ediblər.

Məlum olub ki, 100 qram qarpız qabığında 2,1 qram, balqabaq qabığı və tumlarında isə 9,25 qram lif var. Ananasın qabıq və özək hissələrinin lif miqdarı meyvənin yeyilən ətli hissəsindən beş dəfə çoxdur. Brokolinin saplağı da çiçək hissəsi qədər olmasa da, əhəmiyyətli lif mənbəyidir.

Tədqiqatın rəhbəri, doktor Reyçel Gibson bildirib ki, insanlar qida məhsullarının əhəmiyyətli hissəsini tullamaqla həm qida dəyərini, həm də maddi vəsaitlərini itirirlər.

Mütəxəssislər kivinin qabığı ilə yeyilməsini, brokoli saplaqlarının bişirilməsini, bibər tumlarının isə yeməklərə əlavə olunmasını tövsiyə edirlər. Qeyd olunur ki, bu məhsulların buxarda bişirilməsi, mikrodalğalı sobada hazırlanması və qısa müddətdə qızardılması qida dəyərinin qorunmasına kömək edir.

Britaniya Diyetoloqlar Assosiasiyasının mütəxəssisi Kirsten Cekson isə meyvə və tərəvəzlərin bu hissələrindən istifadə etməzdən əvvəl yaxşı yuyulmasının vacibliyini vurğulayıb. O, sərt qabıqların istehlakını tövsiyə etməsə də, ananasın özək hissəsinin smuzilərə əlavə edilməsini, brokoli saplaqlarının isə doğranaraq dondurulmasını məsləhət görüb.

Mütəxəssislər qıcıqlanmış bağırsaq sindromu olan şəxslərə lif qəbulunu tədricən artırmağı tövsiyə edirlər. Həmçinin yaşıl kartofun və ravənd yarpaqlarının tərkibində zəhərli birləşmələr olduğu üçün istehlak edilməməsi, sərt sap və tumların isə azyaşlı uşaqlardan uzaq tutulması barədə xəbərdarlıq edirlər.

Şəbnəm Mehdizadə