Avropa İttifaqı (Aİ) 2026-2027-ci illərin qış mövsümünə 2013-cü ildən bəri qeydə alınan ən aşağı təbii qaz ehtiyatı ilə daxil olur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, Aİ-də qaz anbarlarının doluluq səviyyəsi hazırda 74,6 faiz təşkil edir. Qlobal qaz təchizatı ilə bağlı risklərin davam etməsi Avropanın xüsusilə qış aylarında mayeləşdirilmiş təbii qaz (LNG) idxalından asılılığını artıra bilər.
Hesabatda bildirilir ki, Hörmüz boğazı vasitəsilə LNG daşımalarının dayanması Asiya və Avropada qaz qiymətlərini 2022-2023-cü illərin enerji böhranından bəri ən yüksək səviyyəyə çatdırıb. Bu səbəbdən Qətər və Birləşmiş Ərəb Əmirliklərindən mart-oktyabr aylarında LNG tədarükü 60 milyard kubmetrdən çox azalıb.
IEA-nın proqnozuna əsasən, bu il qlobal LNG təchizatı təxminən 3 faiz, təbii qaz tələbatı isə 1,5 faiz azalacaq.
Agentliyin məlumatına görə, soyuq hava şəraiti və Hörmüz boğazındakı tədarük məhdudiyyətləri davam edərsə, Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 2027-ci ilin mart ayının sonunadək istifadə edilə bilən tutumun 10 faizindən aşağı düşə bilər.
Ekspertlərə görə, aşağı ehtiyatlar Avropada LNG tədarükü uğrunda rəqabəti gücləndirə, spot bazarda qiymətlərin artmasına və 2027-ci ilin yayında qaz anbarlarının doldurulmasını çətinləşdirə bilər. Bu isə təchizatla bağlı risklərin növbəti ilə də keçməsi ehtimalını artırır.
Şəbnəm Mehdizadə
