Məzmuna keç

Cənubi Koreya: “Şimali Koreya Yapon dənizi istiqamətində çoxsaylı raketlər atıb”

Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətində çoxsaylı raketlər buraxıb.

E-huquq.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin (JCS) yaydığı açıqlamada bildirilib ki, Şimali Koreya bu gün səhər saatlarında Cənubi Hamgyon əyalətinin Sondok bölgəsindən Şərq dənizi istiqamətində çoxsaylı raketlər atıb.

Açıqlamada Şimali Koreyanın eyni vaxtda müxtəlif növ raketlər buraxıb-buraxmadığının araşdırıldığı qeyd olunub. Raketlərin texniki xüsusiyyətlərinin və düşdükləri ərazilərin müəyyənləşdirilməsi məqsədilə ABŞ ilə birgə iş aparıldığı bildirilib.

Cənubi Koreya ordusu ABŞ ilə birgə müdafiə əməkdaşlığı çərçivəsində Şimali Koreyanın hərbi fəaliyyətlərini izləməyə davam etdiyini vurğulayıb.

Açıqlamada, həmçinin ordunun istənilən təxribata qətiyyətli cavab vermək üçün zəruri imkan və hazırlıq səviyyəsini qoruduğu qeyd edilib.

Şimali Koreya raket sınaqları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Şimali Koreya şənbə günü də taktiki ballistik raketlərdə istifadə üçün nəzərdə tutulan kaset tipli döyüş başlığını sınaqdan keçirib.

ABŞ-nin Hind-Sakit Okean Komandanlığı da Şimali Koreyanın raket buraxılışlarını yaxından izlədiyini və regiondakı müttəfiqləri ilə sıx məsləhətləşmələr apardığını açıqlayıb.

Komandanlığın yazılı bəyanatında ilkin qiymətləndirmələrə əsasən, baş verən hadisənin ABŞ hərbçiləri, ərazisi və ya müttəfiqləri üçün birbaşa təhlükə yaratmadığı bildirilib.

Bununla yanaşı, Vaşinqtonun Hind-Sakit Okean regionunda təhlükəsizlik öhdəliklərinə və müdafiə sahəsində əməkdaşlığa sadiq olduğu bir daha vurğulanıb.

Şəbnəm Mehdizadə