Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
“Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami rayonu Əli Vəliyəv 16 ünvanında isə saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq:
“Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək”.
Xatırladaq ki, hər iki rayonda bu gün də təmir işləri aparılıb.
