Bakıda dələduzluqda şübhəli bilinən Elmin Hüseynovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin bir neçə nəfəri müxtəlif vədlərlə aldadaraq külli miqdarda pul əldə etdiyi məlum olub.
İttihama əsasən, E.Hüseynov zərərçəkmişlərə pensiya düzəltmək, yaxınlarını xəstəxanalarda və dövlət qurumlarında işə düzəltmək, hərbi xidmətdən yayınmağa kömək etmək və tikinti üçün icazə almaq vədləri verərək onların pulunu ələ keçirib.
Belə ki, ilk epizod üzrə təqsirləndirilən şəxs zərərçəkmiş qadına II qrup əlilliyə görə pensiya düzəldəcəyini vəd edib. Bu məqsədlə 2024-cü ilin dekabr ayının sonunadək məsələni həll edəcəyini bildirsə də, verdiyi vədə əməl etməyib. O, qadının işlədiyi gözəllik salonunun həyətində 4 000 manat, daha sonra isə həmin ünvanda əlavə 2 000 manat olmaqla, ümumilikdə 6 000 manat alıb.
Digər epizodda isə zərərçəkmiş şəxsin həyat yoldaşını Bakıdakı xəstəxanalardan birində tibb bacısı vəzifəsinə düzəldəcəyini vəd edib. Bu yolla 2025-ci ilin fevral ayının əvvəlində Nərimanov metrosunun yaxınlığında 2 500 manat əldə edib.
Təqsirləndirilən şəxsin növbəti qurbanı başqa bir vətəndaş olub. O, həmin şəxsin həyat yoldaşını klinikada tibb bacısı kimi işə düzəldəcəyini vəd edərək 2 500 manat alıb.
İttihama görə, bundan başqa, göz xəstəliyi olan bir vətəndaşa iki ay ərzində pensiya düzəldəcəyini bildirərək onun kart hesabına 4 000 manat köçürülməsinə nail olub. Daha sonra eyni üsulla əlavə 1 000 manat əldə edib. Beləliklə, bu epizod üzrə zərər 5 000 manat təşkil edib.
Ən böyük məbləğdə dələduzluq epizodlarından biri isə hərbi xidmətlə bağlı olub. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişə tanışını hərbi xidmətdən saxlamağa kömək edəcəyini vəd edərək müxtəlif vaxtlarda və üsullarla ümumilikdə 28 500 manat alıb.
Bundan başqa, o, həmin zərərçəkmişə tanışının oğluna məxsus Şəmkir rayonu ərazisindəki torpaq sahəsində tikinti işlərinin aparılması üçün rayon İcra Hakimiyyətindən icazə alacağını vəd edib. Bu vədlə də müxtəlif vaxtlarda 1 500, 15 000 və 10 000 manat olmaqla, ümumilikdə 26 500 manat əldə edib.
Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsin bacısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldəcəyini vəd edərək 11 000 manat pul alıb.
Beləliklə, təqdim olunan ittihamda qeyd edilən epizodlar üzrə vətəndaşlardan 82 000 manat vəsait ələ keçirilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə E.Hüseynov Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə
