Məzmuna keç

Çin dünyanın ən hündür körpüsünü istifadəyə verməyə hazırlaşır

Çinin cənub-qərbindəki Quyçjou əyalətində yerləşən Huatszyan Böyük Kanyonu körpüsünün tikintisi yekunlaşmaq üzrədir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çay səthindən təxminən 625 metr hündürlükdə yerləşən bu tikili dünyanın ən hündür körpüsü olacaq. Müqayisə üçün, yeni körpü Fransadakı məşhur Miyo viadukundan təxminən 288 metr daha yüksəkdir.

Mürəkkəb relyefli dağlıq ərazidə – “yer üzündəki çat” adlandırılan Huatszyan Böyük Kanyonunun üzərində salınan körpü bölgənin nəqliyyat infrastrukturunda mühüm rol oynayacaq. İstismara verildikdən sonra minik və yük avtomobillərinin kanyondan keçid vaxtı iki saatdan cəmi bir dəqiqəyə enəcək.

Ümumi uzunluğu 2890 metr olan asma körpünün polad konstruksiyalarının çəkisi təxminən 22 min tondur. Bu göstərici üç Eyfel qülləsinin ağırlığına bərabərdir.

Tikintini həyata keçirən “Guizhou Highway Group” şirkətinin baş mühəndisi Çjan Şenlin işlərin artıq 95 faizinin tamamlandığını bildirib. Onun sözlərinə görə, körpünün iyun ayında açılması planlaşdırılır.

Qeyd edək ki, 2022-ci ilin yanvarında inşasına başlanılan bu körpü Çinin dağlıq və nisbətən az inkişaf etmiş bölgələrinin əlaqələndirilməsi layihəsinin bir hissəsidir. Hazırda dünyanın ən hündür 100 körpüsünün təxminən yarısı məhz Quyçjou əyalətində yerləşir.

Şəbnəm Mehdizadə