Məzmuna keç

İngiltərədə köhnə şirniyyat qutusunda gizli xəzinə aşkarlandı

İngiltərənin Kornuoll bölgəsində həyat yoldaşının vəfatından sonra daha kiçik evə köçməyə hazırlaşan qadın bağdakı emalatxanada gözlənilməz sərvətlə qarşılaşıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Penzans şəhəri yaxınlığında yaşayan qadın köçməzdən əvvəl evdəki əşyaları qiymətləndirmək üçün “Lay’s Auctioneers” hərrac evinin mütəxəssisi Devid Leyi dəvət edib. Yoxlama zamanı emalatxanadakı şirniyyat qutusunun qeyri-adi ağırlığı mütəxəssisin diqqətini çəkib. Qutu açıldıqda gümüş sikkələrin altında ilkin qablaşdırmasında saxlanılan 62 ədəd qızıl sikkə və alış sənədləri aşkar edilib.

Sənədlərin araşdırılması nəticəsində məlum olub ki, qadının həyat yoldaşı təxminən 50 il əvvəl – 1975-ci ildə ölkədəki yüksək inflyasiyadan qorunmaq məqsədilə hər birini 70-80 funt sterlinqə olmaqla qızıl sikkələr alıb, lakin bu barədə ailəsinə heç vaxt məlumat verməyib.

Hərrac zamanı 22 karat qızıldan hazırlanmış və hər biri 33,93 qram ağırlığında olan 41 ədəd Cənubi Afrika “Kruqerrand”ı 100 000 funt sterlinqə, 21 ədəd Britaniya “soverin”i isə 13 000 funt sterlinqə satılıb. Beləliklə, yarım əsr əvvəl bir neçə min funt sterlinqə alınan sikkələr qızılın dəyərinin artması sayəsində böyük sərvətə çevrilib.

Şəbnəm Mehdizadə