Məzmuna keç

Aİ komissarı: Qadınlar və qızlar onlayn zorakılığa daha çox məruz qalırlar

Avropa Komissiyasının (AK) komissarı Haca Lahbib qadın və qızların rəqəmsal mühitdə zorakılıqla üzləşdiyini bildirərək onlayn platformaların daha təhlükəsiz olmasına çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Lahbib bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən “Rəqəmsal texnologiyalar dövründə gender əsaslı zorakılıqla mübarizə” mövzusunda plenar iclasında çıxışı zamanı bildirib.

Komissar qeyd edib ki, qadınlar və qızlar onlayn təqiblərə, eləcə də görüntülər əsasında həyata keçirilən kiberzorakılığa daha çox məruz qalırlar. Onun sözlərinə görə, süni intellekt vasitəsilə razılıq olmadan yaradılan cinsi məzmunun 99 faizi qadınları hədəf alır.

Lahbib vurğulayıb ki, bu cür hallar qadınların sosial mediadan uzaqlaşmasına, öz fikirlərini ifadə etmək və siyasi həyatda iştirak imkanlarının məhdudlaşmasına səbəb olur.

O, 2024-cü ildə qüvvəyə minmiş qadınlara qarşı zorakılıqla mübarizə üzrə Aİ direktivinin tam icrasının vacibliyini qeyd edib. Həmçinin Rəqəmsal Xidmətlər Qanununun gücləndirilməsi və süni intellekt vasitəsilə yaradılan zərərli məzmunla mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib.

Lahbib əlavə edib ki, Avropa Komissiyası uşaqların onlayn və oflayn cinayətlərdən qorunmasına yönəlmiş fəaliyyət planı da hazırlayır.

Şəbnəm Mehdizadə