Parisdə iğtişaşlar zamanı 37 polis və jandarm yaralanıb, binalar yandırılıb - YENİLƏNDİ


  • 28 Noyabr 2020 23:54

Parisin mərkəzində etiraz aksiyalarının gedişatında 40-a yaxın asayiş keşikçisi zərər çəkib.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

"37 polis və jandarmlar zərər çəkib. Mən yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığı pisləyirəm", - deyə o tvitterdə yazıb.

“France 24”ün məlumatına görə, Parisin küçələrinə "Qlobal təhlükəsizlik haqqında" qanundan narazı olan 46 mindən çox insan çıxıb. Aksiya iştirakçıları polis zorakılığına qarşı çıxırlar və KİV-in azadlığını, həmçinin Darmanenin istefasını tələb edirlər. Etirazçılar həmçinin Bordo, Lill, Strasburq, Monpele, Nant və başqa şəhərlərin küçələrinə çıxıblar. Yerli KİV aksiyalara ümumilikdə 130 min insanın qatıldığını bildirib.

Parisdə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şəhərin mərkəzindəki qarışıqlıqların gedişatında bir neçə maşın və bina yanıb. Yandırılan binalar arasında Fransa Bankının binası da var.

Etirazçılar polislərə daş atır, həmçinin tonqallar qalayır və barrikadalar qururlar.

***

22:42

Şənbə günü Parisdə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinin qəbul edilməsinə qarşı keçirilən etiraz aksiyalarında 46 min etirazçı iştirak edib. Polis və jandarmların foto və videoçəkilişlərinin aparılmasının qadağan edilməsi ilə bağlı olan 24-cü maddənin qəbul edilməsinə qarşı çıxan etirazçılar bunu KİV-in azadlığının məhdudlaşıdırılması kimi qiymətləndirirlər.

E-huquq.az xəbər verir ki, bu barədə BFMTV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Aksiya təxminən yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17.00) Respublika meydanından başlayıb.

Nümayişin başlamasından qısa müddət sonra iğtişaşlar baş verib. Aksiya artıq üçüncü saatdır davam edir. Polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etiraz aksiyaları zamanı polis 9 nəfəri saxlayıb.

Nümayişçilər arasında müxalifət partiyaları və həmkarlar ittifaqlarının təmsilçiləri, o cümlədən “Yenilməz Fransa” solçu hərəkatının rəhbəri, parlamentin deputatı Jan-Lyuk Melanşon, Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da var.

Bildirilir ki, “Qlobal təhlükəsizlik haqqında” Qanunun hüquq-mühafizə orqanlarının əməkdaşlarının foto və videoçəkilişləri ilə bağlı olan 24-cü maddəsi jurnalistlərin, siyasətçilərin və ictimaiyyətin tənqidinə səbəb olub. Bu bəndə əsasən, “milli polis, jandarma və ya bələdiyyə polisinə fiziki və ya psixoloji xarakterli zərər vurulması məqsədilə üzünün təsvirinin və ya tanınması üçün digər elementinin yayılması”na görə bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur. 18 noyabrda parlamentin aşağı palatasında layihənin baxılmasına başlanılıb. Müzakirələr başladıqdan dərhal sonra ilk etirazlar baş qaldırıb.

Oxşar xəbərlər