“Bir neçə müharibədə məğlub olduq və bütün sahələrdə böhran yaşayırıq” - Ermənistan prezidenti


  • 29 Noyabr 2020 18:16

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın erməni icmasının bir qrup nümayəndəsi ilə görüşdə bir neçə müharibənin uduzulduğunu deyib.

“Birincisi demoqrafik müharibədir․ 1994-cü ildəki atəşkəsdən sonra əhalidə artım olmadı. Bir əsgər sərhəddə dayandıqda daim arxasındakılara baxır. Arxasında heç kimin olmaması güclü düşüncəli bir əsgər üçün belə çətindir. Əraziyə insanları yerləşdirmək lazım idi”, - Ermənistan prezidenti bildirib.

“Novosti Armeniya” xəbər verir ki, o, informasiya müharibəsinin də uduzulduğunu vurğulayıb.

“Azərbaycanlılar və türklər buna ciddi hazırlaşırdılar. Bu müharibə bu gün də davam edir, onlar bizə hücum edirlər. Biz bununla məşğul deyildik, buna görə də məğlub olduq. Bu gün biz Ermənistanda birləşmək əvəzinə bir-birimizə hücum edirik”, - Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, 26 il əvvəl erməni tərəfi həqiqətən güclü bir orduya sahib imiş:

“Könüllülərdən ordu yaratdıq, ancaq müharibənin sonunda nizami ordumuz var idi. O dövrdə ordumuz texnoloji baxımdan Azərbaycan ordusundan daha güclü idi. Sonrakı illərdə Azərbaycan güclənmək üçün çox pul xərclədi, amma biz yenə də keçmişin havası ilə yaşadıq, onların bu müharibədə pilotsuz təyyarələri var idi, amma bizdə yox idi”.

O, həmçinin Ermənistan hökumətini istefaya çağırıb:

“Bu qədər böyük bir faciənin yaşandığı hər bir ölkədə bir həll yolu var - buna səbəb olan hökumət getməlidir. Əgər siyasətçi güclüdürsə, daha sonra geri qayıda bilər. Əvvəlki seçkilər iki il yarım əvvəl, ölkə tamamilə fərqli olduqda keçirilib, indi biz başqa bir ölkədə yaşayırıq. Böhranı meydandakı insanların sayı ilə qiymətləndirmək olmaz. İstənilən halda böhranı yalnız meydanda toplananların sayı ilə qiymətləndirmək lazım olduğu ilə razı deyiləm. Meydanda ümumiyyətlə, heç kim yoxdusa, o deməkdir ki, böhran yoxdur?”.

O qeyd edib ki, Ermənistanda bütün sahələrdə böhran hökm sürür.

Oxşar xəbərlər