Paşinyan Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının bəzi detallarını açıqladı


  • 29 Noyabr 2020 20:50

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışıqlar barəsində öz versiyasını açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında yazıb.

“Mən Rusiya Prezidenti Vladimir Putinə zəng etdim. O, mənə dedi ki, onun fikrincə, razılaşma Rusiya təkliflərinə uyğun olmalıdır.

Yəni “status məsələsi” təxirə salınmalı, rayonlar Azərbaycana qaytarılmalı və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir.

Mən isə dedim ki, sülhməramlılar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və Laçın Dəhlizinin sərhədləri boyunca yerləşdirilməlidir.

Ertəsi gün Putin zəng edib Azərbaycan Prezidenti İlham Əliyevin Hadrut və Talışdakı işğaldan azad olunmuş mövqelərdən çəkilmək niyyətində olmadığını və faktiki təmas xətti boyunca sülhməramlıların yerləşdirilməsinə razı olduğunu söylədi”.

Paşinyan əlavə edib ki, erməni tərəf də azərbaycanlıların Şuşaya qayıtması ilə bağlı öhdəlik götürməli idi: “Bu şəkildə atəşkəsə razılaşa bilməzdim. Çünki Hadrut məsələsi ilə razılaşsam da, Şuşanın Azərbaycana qaytarılması məsələsini təsəvvür etmədiyimi bildirdim. Rusiya prezidenti bu fikrimi eşidəndə çox təəccübləndi”.

Ermənistan baş nazirinin sözlərinə görə, problem bu vəziyyətdə Şuşada azərbaycanlı əhalinin sayının 90 faizi keçməsi və Xankəndiyə gedən yola nəzarət edəcək olmaları idi.

Oxşar xəbərlər