ABŞ-da tanınmış vəkilin sosial mediada yazdığı fikirlərə görə vəkillik fəaliyyəti dayandırıldı


  • 12 Yanvar 2021 12:39

ABŞ-ın Cənubi Karolina ştatında fəaliyyəti göstərən vəkil Devid Treyvikin vəkillik fəaliyyəti dayandırılıb.

E-huquq.az-ın məlumatına görə, buna səbəb vəkilin sosial mediadakı paylaşımı olub.

Belə ki, vəkil Treyvik polis tərəfindən boğularaq öldürülmüş Corc Floyd barəsində öz "Facebook" səhifəsində, “Görün, bu əclafın həyatı necə dəyərli imiş: Fyuçerslərin qiyməti qalxdı. Bazar ertəsi və Çərşənbə axşamı qiymətli kağızlar bazarında qiymətlər kəllə-çarxa qalxdı. Hamınız cəhənnəm olun və məni "Facebook" dostluğunuzdan çıxarın", - deyə yazmışdı.

Vəkilin paylaşımı birmənalı qarşılanmadığından sosial şəbəkə istifadəçiləri Treyvikin vəkillik lisenziyasından məhrum edilməsi barədə çağırış etmişdi.

Hadisədən 2 həftə sonra Cənubi Karolina ştatının Ali Məhkəməsi yekdil qərarla vəkilin fəaliyyətini dayandırıb. Məhkəmə öz qərarını vəkillərin davranış qaydlarının 17(b) bəndinə əsasən, qəbul edib: “Əgər vəkilin əməlində cəmiyyətə və ya ədalət mühakiməsinin həyata keçirilməsinə ciddi zərər vurulması barədə əsaslı sübutlar varsa, onun fəaliyyəti dayandırıla bilər".

Qeyd edək ki, BMT-nin “Vəkillərin rolu barədə əsas prinsipləri”nin 23-cü bəndinə əsasən, vəkillərin digər vətəndaşlar kimi ifadə, dini etiqad, birləşmək və toplaşmaq azadlıqları var. Məsələ ilə bağlı vəkil peşəsi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan hər hansı biri hələki rəsmi bəyanatla çıxış etməyib.

Oxşar xəbərlər