Tacikistanın paytaxtı Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
E-huquq.az Tacikistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda KTMT-nin Baş katibi Stanislav Zas, Tacikistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanın xarici işlər nazirləri iştirak ediblər.
Şuraya sədrlik edən Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin KTMT-nin qəbul etdiyi qərarların yerinə yetirilməsi, Tacikistanın təşkilata sədrliyi dövründə əsas istiqamətlər barədə məlumat verib.
Şuranın iclasında KTMT çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizliyin qorunması, Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsi sahəsində KTMT-nin qəbul etdiyi Proqramın yerinə yetirilməsi məsələləri, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin gücləndirilməsi məsələlərinə baxılıb.
Xatırladaq ki, Tacikistan 2021-2022-ci illərdə KTMT-yə sədrlik edir.
