Məzmuna keç

Boris Conson rus xalqına rus dilində müraciət etdi –

Böyük Britaniyanın baş naziri Boris Conson rus xalqına rus dilində müraciət edib.

E-huquq.az xəbər verir ki, Conson Rusiya videomüraciətində Rusiya prezidenti Vladimir Putinin "dünyanı şoka salan vəhşiliklərə" görə hərbi cinayətlər törətməkdə günahlandırıldığını bildirib və ruslardan faktların araşdırılmasını istəyib.

O, 1 dəqiqə 50 saniyəlik mesajında ​​rus dilində “Rus xalqı həqiqəti bilməyə layiqdir, siz həqiqəti bilməyə layiqsiniz” ifadələri işlədərək müraciətinə başlayıb.

Daha sonra müraciətinə ingiliscə davam edən Conson, rus əsgərlərinin Ukraynanın Buça, İrpin və digər vilayətlərində törətdiyi vəhşiliklərin dünyanı dəhşətə gətirdiyini deyib.

"Mülki əhali qətlə yetirildi, əlləri bağlandı və güllələndi. Qadınlar azyaşlı uşaqların gözləri qarşısında təcavüzə məruz qaldılar. Cəsədlər üstüörtülü şəkildə yandırıldı, kütləvi məzarlıqlara atıldı və bəziləri isə sadəcə küçələrin ortasında qaldı. Təəccüblü deyil ki, Rusiya hökuməti bu "şok və iyrənc" hərəkətləri ictimaiyyətdən gizlətməyə çalışıb. Prezidentiniz bilir ki, siz baş verənləri görsəniz, onun başlatdığı bu müharibəni dəstəkləməyəcəksiniz", – deyə o qeyd edib.

Putinin də bunların Rusiyanın şərəfinə ləkə olduğunu bildiyini deyən Conson Rusiya xalqından VPN-lərdən istifadə edərək həqiqətə çatmaq üçün Rusiyada qadağan olunmuş saytlara daxil olmağı və araşdırma aparmağı xahiş edib.

Məsul şəxslərin məsuliyyətə cəlb ediləcəyini qeyd edən Böyük Britaniyanın baş naziri rus dilində danışaraq, "Prezidentiniz hərbi cinayətlər törətməkdə ittiham olunur. Amma onun bütün bunları sizin adınızdan etdiyinə inanmıram", – deyə o, müraciətini yekunlaşdırıb.