Məzmuna keç

Pentaqon Ukraynaya silah dəstəyi üçün 8 hərbi sənaye şirkəti ilə görüş keçirəcək

ABŞ Müdafiə Nazirliyi Ukraynanın qısa və uzun müddətli silah və sursat ehtiyaclarını qarşılamağa hazırlaşır. Bunun üçün Pentaqon ABŞ-ın 8 aparıcı hərbi sənaye şirkəti ilə görüş keçirəcək.

E-huquq.az "İNDEPENDENT"ə istinadən xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Pentaqon rəsmisi, görüşdə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiksin də iştirak edəcəyini bildirib.

"Ukrayna xalqının və öz milli təhlükəsizliyimizi təmin etmək üçün müdafiə sənayesi ilə strateji əsaslı danışıqlar aparırıq. Nazirliyin Ukraynaya davamlı təhlükəsizlik yardımı, ABŞ və müttəfiq qüvvələri üçün mühüm əhəmiyyət kəsb edən yeni, modernləşdirilmiş imkanların inkişaf etdirilməsi üçün sənaye təkliflərini nəzərdən keçirəcəyik”, -deyə o qeyd edib.

Görüşdə Ukraynaya yardımların müzakirə ediləcəyi vurğulanıb.

Pentaqon rəsmisi onu da qeyd edib ki, bu görüşdə Ukraynaya silah və sursat tədarük edən ölkələrin ehtiyaclarını öz ehtiyatlarından qarşılamaq məsələsi də müzakirə olunacaq.

Rəşid Qarayev