Məzmuna keç

Yunanıstanda Rodos adasında fövqəladə vəziyyət elan edilib

Yunanıstanda Rodos adasında fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə günlərdir meşə yanğınları ilə mübarizə davam edir. Yunanıstan mətbuatında yer alan xəbərə görə, adanın Malonas, Vatio və Genadio bölgələrində alov yenidən güclənməyə başlayıb. Bütün müdaxilələrə baxmayaraq, 9 gün əvvəl başlayan yanğın hələ də nəzarət altına alına bilməyib və güclü küləyin təsiri ilə alov daha da şiddətlənib.

Digər tərəfdən, Korfu adasında başlayan yanğın genişlənməyə davam edir. Dünən gecə saatlarında bölgədəki bəzi yaşayış məntəqələrində əhali təxliyə olunub. Apraos və Kalamaki bölgələrində bəzi ev və iş yerləri yanğın nəticəsində zərər görüb.

Şimali Korfu merinin müavini Nikos Muzakitis Yunanıstan Radio və Televiziya Korporasiyası ERT-yə müsahibəsində yanğın hadisələrinin qəsdən törədilmə ehtimalının olduğunu bildirib.

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilyas bildirib ki, son 13 gündə ölkə ərazisində 600-dən çox yanğın baş verib. Rodos və Korfu adalarında baş verən yanğınların daha təhlükəli olduğu deyilir.

Türkiyə, İsrail, Misir, Bolqarıstan, İtaliya, Malta, Fransa, İordaniya, Polşa, Rumıniya və Slovakiya meşə yanğınları ilə mübarizə üçün Yunanıstana yardım göndərib.

Şəbnəm Mehdizadə