ABŞ-da daha bir nəfərdə quş qripi aşkar edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, növbəti yoluxma faktı ABŞ-ın Miçiqan ştatında qeydə alınıb.
Virusa yoluxmuş hər iki şəxs südçülük fermasının işçiləri olub.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) yoluxma hallarının artacağını istisna etmir.
Qurumun yaydığı açıqlamada inəklərdən alınan çiy süddə virusun aşkar edildiyi qeyd olunub.
Qeyd edək ki, son aylarda ABŞ-da südlük inəklərdə quş qripi aşkarlanıb.
Ötən həftə isə Avstraliyanın Viktoriya əyalətinin səhiyyə rəsmiləri ilk dəfə bir insanda quş qripinin (H5N1) aşkar edildiyini və sözügedən uşağın sağaldığını açıqlayıb. Açıqlamada quş qripinə yoluxan uşağın Hindistandan evə mart ayında gəldiyini və özünü yaxşı hiss etmədiyini bildirib.
Sonrakı müayinələrdə uşağa quş qripi (H5N1) diaqnozu qoyulub və müalicədən sonra tam sağaldığı vurğulanıb.
Şəbnəm Mehdizadə
