- 12:11
Liviya Banqladeşdən olan 163 qeyri-qanuni miqrantı deportasiya edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviyanın Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsindən bildirilib.
Məlumatda Liviyada yaşamaq icazəsi olmayan qeyri-qanuni mühacirlərə qarşı əməliyyatların davam etdiyi bildirilib.
Qeyd olunub ki, BMqT ilə əməkdaşlıq çərçivəsində iyunun 10-da Banqladeş vətəndaşı olan 163 qeyri-qanuni mühacir Benqazidəki Benina hava limanından öz ölkələrinə deportasiya edilib.
Liviya Xüsusi Vəzifələr Departamentindən verilən açıqlamada isə Misrata şəhəri sahillərində bir qayıqda Sudan, Efiopiya və Banqladeş əsilli 49 qeyri-qanuni miqrantın tutulduğu bildirilib.
Həmçinin 2 liviyalı insan alverçisinin saxlanıldığı, qanunsuz miqrantların müvafiq tədbir görülməsi üçün prokurorluğa təhvil verildiyi qeyd olunub.
Şəbnəm Mehdizadə