Məzmuna keç

Yasamalda yaşayış binasında yanğın söndürülüb: 3 nəfər tüstüdən boğularaq ölüb, 20 nəfər zəhərlənib –

21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə e-huquq.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***

22:05

Yasamal rayonu Mirəli Qasımov 19 A ünvanında saat 19: 30 radələrində FHN-nin 112 qaynar xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizəetmə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov deyib.

"Məlumat əsasında FHN-nin Dövlət Yanğından Xilasetmə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi hadisə yerinə cəlb olunmuşdur. Yanğın hazırda tam söndürülüb. İnsanlar təxliyə edilib, mənzillər mühafizə olunub", – o bildirib.

Nazirlik rəsmisi yanğının elektrik şaxtasında baş verdiyini bildirib.

***

21:37

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, yanğın zamanı ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Mənzillər yanğından mühafizə olunub.

***

21:20

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə hadisə yerində olan jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilov məlumat verib.

Onun sözlərinə görə, bina sakinləri təxliyə edilib:

"Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, sakinlərin bəziləri tüstüdən zəhərlənib".

***

20:55

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın məhdudlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***
20:30

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən e-huqjq.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər görülür.

***

20:15

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

E-huquq.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.