- 30 İyun 08:50
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yanacaq daşıyan avtomobil ilə qatarın toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Baş vermiş qəza zamanı yanacaq daşıyan avtomobildən ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var.
"Azərbaycan Dəmir Yolları" dan (ADY) e-huquq.az-a verilən məlumata görə, bu gün saat 22:28 radələrində Sumqayıtçay stansiyasının çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, 77-BZ-281 dövlət qeydiyyat nişanlı, boş vəziyyətdə olan benzin daşıyan yük avtomobili dəmiryol keçidindən keçmə qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində teplovoz relsdən çıxıb, yük avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.