Prokurorluq Bakıdakı qətllə bağlı məlumat yaydı


  • 21 Sentyabr 2020 10:02

Xəzər rayon prokurorluğu Bakıda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Prokurorluqdan e-huquq.az-a verilən məlumatda bildirilir ki, sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər