Şəki və Astarada polisin 101 illik yubileyi qeyd olunub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən e-huquq.az-a məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) Azərbaycan Polisinin yaranmasının 101 illik yubileyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra tədbir Polis Şöbəsində davam etdirilib.
ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Muradov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bayram münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edənlər Azərbaycan polisinin 101 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Daha sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Eyni tədbir Astara rayonunda da keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər. Əvvəlcə Astara Rayon Polis Şöbəsinin (ARPŞ) əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül çələngi və tər çiçəklər düzüblər.
Daha sonra tədbir Astara rayon polis şöbəsində davam etdirilib və daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki çatdırılıb.
Çıxış edən Astara rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov şöbə əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb. Polis əməkdaşlarının bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətlərini davam etdirəcəklərini, bu sahədə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.
Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.
