Məzmuna keç

Nurəddin Mustafayev: “Fəaliyyətində özünü doğrultmayan, qanunazidd hərəkətləri ilə islahatlara kölgə salan bir sıra işçilər barədə intizam tədbirləri görülüb”

"İcra sənədlərinin icrasının vaxtında təmin edilməsi və neqativ hallarla mübarizə üzrə müvafiq tədbirlər planı hazırlanaraq tətbiqinə başlanılmış, Ədliyyə naziri cənab Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş icra və probasiya qurumlarının geniş ümumrespublika müşavirəsində konkret tapşırıqlar verilmişdir

"İcra sənədlərinin icrasının vaxtında təmin edilməsi və neqativ hallarla mübarizə üzrə müvafiq tədbirlər planı hazırlanaraq tətbiqinə başlanılmış, Ədliyyə naziri cənab Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş icra və probasiya qurumlarının geniş ümumrespublika müşavirəsində konkret tapşırıqlar verilmişdir. Fəaliyyətində özünü doğrultmayan, qanunazidd hərəkətləri ilə islahatlara kölgə salan bir sıra işçilər barədə intizam tədbirləri görülmüş, hətta bəziləri ədliyyə orqanlarından xaric edilmiş, uzun müddət bir qurumda çalışmanın sui-istifadə hallarına zəmin yarada biləcəyi nəzərə alınmaqla çoxsaylı əməkdaşların rotasiyası həyata keçirilmişdir".

E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

O bildirib ki, işin səmərəli təşkili, qarşıya qoyulan vəzifələrin uğurlu icrası, hər şeydən əvvəl mənəvi cəhətdən saf, müasir dünyagörüşlü, dərin bilikli və hazırlıqlı kadrların sayəsində mümkündür. N. Mustafayevin sözlərinə görə, icra xidmətinin fəaliyyətinin günün tələblərinə uyğun qurulması kadrlarla işin təşkilindən, onların düzgün seçilməsindən çox asılıdır: "Təsadüfi deyil ki, icra xidmətinin səriştəli kadrlarla komplektləşdirilməsi üçün ədliyyə orqanlarına qulluğa qəbul müsabiqələrində uğur qazananların təxminən 60 faizi, əksəriyyəti gənclər olmaqla məhz icra qurumlarına təyin olunmuşlar. Əməkdaşlar peşəkarlıqlarının artırılması məqsədilə mütəmadi təlimlərə cəlb edilmiş, qabaqcıl beynəlxalq təcrübələrə yiyələnmək üçün xarici ölkələrə ezam olunmuş, xidmətdə fərqlənənlər isə rəhbər vəzifələrə irəli çəkilmişdir. Ümumiyyətlə möhtərəm Prezidentin çıxışlarında dəfələrlə vurğulandığı kimi istənilən islahatın mərkəzində insan amili dayanır. Bu tələb icra sahəsində həyata keçirilən islahatlara şamil edildikdə bizlər təkcə layiqli kadrlarla işləməyə görə deyil, eləcə də vətəndaşlarla ünsiyyətin düzgün təşkilinə, onların qayğılarına həssas yanaşmağa görə böyük məsuliyyət daşıyırıq. Vətəndaş müraciətlərinə baxılması işini yaxşılaşdırmadan icra işinin təkmilləşdirildiyini deməyə haqqımız çatmaz. Bu prioritet həm Ədliyyə Nazirliyinin, həm də İcra xidmətinin rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılaraq müraciətlərin tam və vaxtında baxılıb həll edilməsi üçün bütün mümkün səylər göstərilir.
Ötən illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlərin, vətəndaşların yerlərdə müraciətlərinə və qəbulu işinə göstərilən diqqətli münasibətin nəticəsidir ki, nazirliyə qəbula gələn vətəndaşların sayında xeyli azalma olmuş, icra işi ilə bağlı müraciətlərin sayı da icra işlərinin artım sayına nisbətdə xeyli azalmışdır. Amma təbiidir ki, bu, bizi qətiyyən arxayın etmir, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə vaxtında və dürüst baxılması hər bir icra xidməti əməkdaşının ümdə vəzifəsidir. Əgər islahatların kökləndiyi ən vacib amillərdən birincisi insan amilidirsə, ikincisi heç şübhəsiz, müasir informasiya texnologiyalarının tətbiqidir. İş yükünün yüz minlərlə ölçüldüyü icra sahəsində üsul və vasitələrin modernləşdirilməsi qaçılmaz şərtə çevrilmişdir. Fərəh doğuran hal kimi qeyd olunmalıdır ki, icraatların kağız formatından tam elektron müstəviyə keçirilməsini hədəfləyən və tətbiqinin genişləndirilməsi Ölkə başçısının adı çəkilən Fərmanında xüsusi vurğulanan “Elektron icra” informasiya sistemi artıq 3 ilə yaxındır ki, icra məmurlarının istifadəsindədir. Bu sistemin tətbiqi ilə icra sənədlərinin icrasının təşkili keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamına uyğun olaraq 2016-cı ilin sentyabr ayından yaradılmış “Elektron icra” informasiya sisteminin tətbiqinə 2017-ci ilin yanvar ayından başlanılmış, hazırda 32 qurumda tam tətbiq olunmaqla, 10-dək dövlət orqanlarının elektron informasiya bazalarına inteqrasiyası təmin edilmiş, bir sıra qurumlardan 30-a yaxın məlumat ani rejimdə əldə edilməklə icra prosesi əhəmiyyətli şəkildə sürətləndirilmişdir".

N. Mustafayev vurğulayıb ki, artıq icra məmurları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən avtonəqliyyat vasitələri, o cümlədən onların üzərində həbsin və digər məhdudiyyətin olub-olmaması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şəxslərin əmək haqqı, pensiya və digər ödənişləri, əmək müqaviləsi, eləcə də sığortaolunan qismində qeydiyyatının olub-olmaması, Əmlak Məsələləri Dövlət Xidmətindən borcluların daşınmaz əmlakları barədə məlumatları, Dövlət Vergi Xidmətindən hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesabları, habelə VÖEN üzrə olan bütün məlumatları, Əhalinin Dövlət Reyestri Xidmətindən şəxsiyyət vəsiqəsi, həmçinin qohumluq və ölüm faktı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən tərəflərin mobil telefon nömrələri, notariuslardan vərəsəliyə dair şəhadətnamələrin, əmlaka dair etibarnamələrin verilib-verilməməsi barədə məlumatları, habelə daşınmaz əmlakların alğı-satqısı, icarəsi, ipoteka ilə yüklülüyünə dair məlumatları, həmçinin “ASAN” xidmət üzərindən Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, xarici pasportlar, diplomlar və sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə məlumatları ani rejimdə əldə edirlər. Yaxın gələcəkdə Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərindən borcluların digər tipli nəqliyyat vasitələrinə, Maliyyə Bazarlarına Nəzarət Palatasından qiymətli kağızlarına dair, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, “Azərişıq”, “Azərsu”, “Azəriqaz” kimi qurumlardan digər aidiyyəti məlumatların elektron qaydada alınması üçün tədbirlər görülür. Hazırkı vəziyyətində sistem işlərin icrası prosesini sürətləndirməklə yanaşı, mühüm məlumat mənbəyi və yerli qurumların fəaliyyətinə elektron nəzarət vasitəsi kimi çıxış edir. Belə ki, icraata daxil olan bütün kateqoriya icra sənədlərinin sistemdə təsnifatlar üzrə qeydiyyatı aparıldığından istənilən növ işə dair məlumatlar qısa müddətdə əldə edilə bilir. Digər tərəfdən isə sistem faktiki olaraq borcluların reyestri kimi istifadə olunur. Əlavə olaraq qeyd olunmalıdır ki, hazırda Nazirliyin elektron xidmətlər bölməsi vasitəsilə vətəndaşlar icra xidmətinin bir sıra fəaliyyət istiqamətləri, o cümlədən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icra qurumları, onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 5 min manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri barədə məlumat almaq imkanına malikdirlər. Həmçinin borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin elektron qaydada ödənilməsi mümkündür. Bununla yanaşı, fiziki və hüquqi şəxslərə, o cümlədən kredit təşkilatlarına tərəf olduqları işlər barədə məlumatların verilməsini təmin edəcək elektron xidmətin yaradılması ilə bağlı intensiv iş aparılır. “Elektron icra” informasiya sisteminin tətbiqi təbii ki, İcra xidmətinin maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı işlərə də əlavə təkan vermişdir. Yaxşı iş şəraitinə xüsusi diqqət yetirən Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırıqları ilə Xidmətin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Ötən dövrdə dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində 30-a yaxın yerli icra qurumları yeni inzibati binalarla, baş idarə və bütün yerli qurumlar əlavə komputer və digər texniki avadanlıqlarla təmin edilmişdir. Bununla yanaşı xeyli sayda avtomobil alınaraq bütün yerli qurumların avtomobillərlə təchiz edilməsi həyata keçirilmişdir".