Məzmuna keç

Adil Əbilov: “Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti genişlənməkdədir”

Xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələr imzalanaraq səmərəli əməkdaşlıq edilir

"22 noyabr ədliyyə işçiləri üçün əlamətdar gündür. Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət quruculuğu kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək hüquqi əlaqələr dinamik inkişaf edir, bir çox xarici dövlətlərlə və beynəlxlaq təşkilatlarla hərtərəfli əməkdaşlığın genişləndirilməsi üzrə məqsədyönlü tədbirlər görülür, ölkəmizin nüfuzu artır və Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyinin də beynəlxalq fəaliyyəti genişlənməkdədir. Xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələr imzalanaraq səmərəli əməkdaşlıq edilir".

E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Adil Əbilovun "Həftə içi" qəzetində yer alan məqaləsində bildirilib.

A. Əbilov qeyd edib ki, bu il bir sıra sənədlərin imzalanması, məhsuldar səfərlərin edilməsi və mötəbər tədbirlərin keçirilməsi ilə yadda qalan olmuşdur: "Belə ki, cari ilin yanvarında tarixində Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Səfər zamanı nümayəndə heyətimiz İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud tərəfindən qəbul edilmişdir. Azərbaycanla əməkdaşlığın inkişafının Səudiyyə Ərəbistanı üçün prioritet olduğunu bildirən Kral, bu səfərin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini, habelə ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulamışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının ədliyyə naziri Şeyx Dr. Vəlid bin Məhəmməd Əl-Səmaani respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına və tətbiq olunan innovasiyalara böyük maraq göstərərək bu sahədə ölkəmizin təcrübəsi ilə tanış olmaq barədə niyyətini ifadə etmişdir.

Bununla əlaqədar cari il iyul ayında Səudiyyə Ərəbistanının ədliyyə naziri geniş nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlmişdir. Səfər zamanı Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə praktiki sənəd olan Əməkdaşlıq Proqramı imzalanmışdır.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanının Ədliyyə naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Baş naziri tərəfindən qəbul edilmişdir.

Yeri gəlmişkən, Avropa, Asiya və Afrika qitələrindən olan dövlətlərin Ədliyyə nazirlikləri ilə imzalanmış memorandumların sayı 33-ə çatmışdır. Ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsi, ədliyyə işçilərinin və hakimlərin tədrisini, həmçinin hazırda aktual olan e-ədliyyə, e-məhkəmə, probasiya və mediasiya ilə bağlı müddəaları özündə ehtiva edən bu beynəlxalq sənədlərin imzalanması həmin dövlətlərlə hüquqi sahədə münasibətlərin təşviqinə təkan verir, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə məlumat və təcrübə mübadiləsinin aparılmasını, hakimlərin, ədliyyə işçilərinin və digər hüquqşünasların ixtisasının artırılmasına xidmət edən qarşılıqlı səfərlərin həyata keçirilməsinə zəmin yaradır.

Həmçinin, Azərbaycan və Çin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Saziş çərçivəsində də səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Bu ilin sentyabrında Çinin Ədliyyə nazirinin müavini Pu Zengfan başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmiş, ölkəmizdə aparılan ədliyyə və məhkəmə islahatları onların marağına səbəb olduğu üçün bu mövzuda təqdimatla çıxış etmək üçün dekabrın 9-10-da Çinin Quançjou‎ şəhərində keçiriləcək “Qlobal Hüquqşünaslar Forumu”nda ölkəmizin nümayəndə heyətini iştirak etməyə dəvət etmişdir.
Ümumiyyətlə qeyd olunmalıdır ki, ölkəmizdə aparılan çoxşaxəli hüquqi islahatlar xarici həmkarlarımız tərəfindən maraqla qarşılanır. Cari ilin fevralında Minskdə keçirilmiş Belarus Ədliyyə Nazirliyinin 100 illik yubileyinə həsr olunan “Hüquqi dövlətin qurulmasında ədliyyə orqanlarının rolu” mövzusunda beynəlxalq konfransda belaruslu həmkarının dəvətinə əsasən fəxri qonaq qismində iştirak edən respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun ölkəmizdə aparılan qabaqcıl hüquqi islahatlar mövzusunda çıxışı xarici həmkarların böyük marağına səbəb olmuşdur. Təsadüfi deyil ki, son dövrlərdə ölkəmizin e-məhkəmə, notariat, probasiya və s. sahələrdə əldə etdiyi nailiyyətlər və innovasiyalar ilə yaxından tanış olmaq məqsədilə Rusiya, Belarus, Latviya, Özbəkistan, Tacikistan və s. dövlətlərin Ədliyyə nazirliklərinin nümayəndə heyətləri ölkəmizdə səfərdə olmuşdur".

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi BMT, Avropa Şurası, MDB və Haaqa Kanfransı çərçivəsində qəbul edilmiş 16 çoxtərəfli konvensiya üzrə əlaqələndirici orqan qismində çıxış edir: "Bununla yanaşı, Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası adından 18 dövlət ilə hüquqi yardımın müxtəlif sahələrinə aid 43 beynəlxalq müqavilə imzalanmışdır. Bunlar əsasən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, habelə ekstradisiya (təslimetmə) və məhkumların verilməsi haqqında müqavilələrdir. Ədliyyə Nazirliyi bu müqavilələrdən irəli gələn öhdəliklərin layiqincə icrasını daim diqqət mərkəzində saxlayır. Müvafiq öhdəliklərin lazımi səviyyədə icrasının təmin edilməsi həm ölkəmizin nüfuzunun beynəlxalq aləmdə gücləndirilməsinə, həm də vətəndaşların dövlətə inamının artmasına xidmət edir. Görülən işin əhəmiyyəti həm də ondan ibarətdir ki, müvafiq müqavilələr çərçivəsində daxil olan sorğular insan taleyi və onların problemlərinin həlli ilə əlaqəlidir.

Həmçinin, qloballaşma dövrdə transsərhəd əlaqələrin genişlənməsi cinayətkarlığın transmilli xarakter alması ilə də müşahidə olunur.
Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə ikitərəfli müqavilələr bağlanılmış, habelə 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla həmin dövlətlərlə səmərəli əməkdaşlıq edilir. Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan dövləti universal və regional konvensiyalardan irəli gələn vəzifələrin icrası ilə yanaşı, cinayətkarlıqla mübarizəyə xüsusi önəm verərək ekstradisiya haqqında xüsusi qanun qəbul edib ki, bu da xarici tərəfdaşlarımızla bu sahədə müqavilə olmadan belə əməkdaşlıq etməyə imkan verir. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir. Sözügedən sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunmuşdur.
Qeyd olunmalıdır ki, Avropa Şurası tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına dair Dördüncü Əlavə Protokol qəbul olunmuşdur. Avropa məkanında cinayətkarların təslim edilməsində səmərəliliyin və operativliyin artırılmasına, ekstradisiya prosedurunun müasir dövrün tələblərinə adaptasiya olunmasına, bəzi bürokratik əngəllərin aradan qaldırılmasına, o cümlədən sənədlərin elektron qaydada göndərilməsinə, tranzit prosedurunun sadələşdirilməsinə xidmət edən həmin Protokolun müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınmışdır. Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində 2019-cu il oktyabrın 15-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilmişdir. Mərasimdən sonra ədliyyə nazirinin və Baş katibin görüşü olmuşdur. Görüşdə Azərbaycanın Avropa Şurasının mühüm tərəfdaşı olduğunu vurğulayan xanım M.Buriç AŞPA prezidentinin və AŞ İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu rəhbərinin Azərbaycana məhsuldar səfərlərini, ölkəmizin Avropa Şurasına dəyərli töhfələrini, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) fəal təmsilçiliyini qeyd etmiş, ölkəmizdə məhkəmə-hüquq sistemindəki islahatları, xüsusilə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanını yüksək qiymətləndirmiş, bu sahədə dəstək göstərməyə hazır olduğunu söyləmişdir. Bildirilib ki, Azərbaycanın məhkəmə-hüquq sistemində yaxşı təcrübəsi Avropa Şurası tərəfindən artıq yayılır. Strasburqa səfər zamanı Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilmiş "Avropada ədalət mühakiməsinə rəqəmsal çağırışlar" mövzusunda Avropa ədliyyə nazirlərinin konfransında iştirak və çıxış edilmiş, məhkəmə-hüquq sahəsində, o cümlədən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqində Azərbaycanın təcrübəsinə maraq göstərilmişdir. Bununla yanaşı, nazirlik mötəbər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik yığıncaqlarında, BMT-nin Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Forumunda və digər tədbirlərdə fəal iştirak və çıxışlar edilmişdir".

Nazirlik rəsmisi qeyd edib ki, keçirilən bütün tədbirlər, görüşlər və aparılan müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər bütün dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırılmışdır: "Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də daim diqqətdə saxlanılır, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir, bir çox dövlətlərlə ekstradisiya, hüquqi yardım, məhkumların verilməsinə dair müqavilələr və Ədliyyə nazirlikləri arasında anlaşma memorandumları üzrə danışıqlar aparılır, beynəlxalq təcrübə öyrənilir, onun nəticəsində qanunvericiliyə dəyişikliklər hazırlanır. Gələn il yeni sənədlərin imzalanması gözlənilir. İnanırıq ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, yaxşı təcrübələrin öyrənilərək tətbiqi ölkəmizin inkişafına və tərəqqisinə əməli töhfə verə biləcəkdir".