Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxslərinin məhkəməsində şahidlər ifadə verdi


  • 19 Avqust 11:10

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Arzuman Yaqubov bildirib ki, təqsirləndirilən şəxsləri tanımır: “Sahibkaram, ölkəyə İrandan yuyucu tozlar idxal edirəm. Samir adlı bir şəxsi tanıyıram. Sertifikat almaq üçün ona pul vermişəm. Hər məhsul üçün 100-110 manat ödəmişəm. Ödənişdən sonra çek verilmirdi. İstintaqa verdiyim ifadəni təsdiq edirəm”.

Digər şahid Sərdar Xasayev isə ifadəsində qeyd edib ki, o da sahibkarlıq fəaliyyəti ilə məşğuldur və müttəhimlərdən heç birini tanımır: “Türkiyədən Azərbaycana gigiyenik vasitələr gətirirəm. Hər məhsul üçün 450 manat ödəmişəm. Əgər ödəniş etməsəydim, mənə sertifikat verilməyəcəkdi”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Kamran Əsədov bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Tahir Vəliyevi tanıyır: “Tahirlə şəxsi danışığımız olmasa da, onu tanıyıram. Ölkəyə xaricdən kremlər gətirirəm və gömrüyə sertifikat təqdim etməli oluram. Hər dəfə bu məqsədlə 250-300 manat ödəmişəm, lakin heç bir çek verilməyib”.

Şahid Nicat İsmayılov da təqsirləndirilən şəxsləri tanımadığını deyib: “İrandan, Çindən və Türkiyədən uşaq oyuncaqları gətirirəm. Sertifikatımın müddəti bitmişdi və yenisini almaq lazım idi. Ceyhun adlı şəxsə hər məhsul üçün 350 manat ödəniş etdim. Sertifikatı gömrüyə təqdim etdikdən sonra malları götürə bildim”.

“Saxa Kids” MMC-nin direktoru Svetlena Allahverdiyeva isə ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən biri ilə telefon danışığı olub: “Mən hüquqi şəxs kimi fəaliyyət göstərirəm. “Saxa Kids” Türkiyə, Almaniya və İngiltərədən uşaq geyimləri idxal edir. Mallarımız gömrükdə idi və hər gün üçün 100 dollar ödəniş etməli olurduq. Bizə dedilər ki, 300 manat ödəniş edin, lisenziya verilsin. Hər məhsuldan nümunə götürüldü. Adını dəqiq xatırlamıram - Samir, ya da Sahib adlı bir şəxs kart göndərdi, ödəniş etdik və lisenziya bizə “WhatsApp” vasitəsilə göndərildi”.

Qeyd edək ki, əvvəlki prosesdə bəzi şahidlərin məcburi gətirilməsi barədə qərar çıxarılmışdı. Lakin həmin şəxslər prosesdə iştirak etməyiblər. Onlardan biri məhkəməyə müraciət edərək istintaqa verdiyi ifadəni təsdiqləyib və həmin ifadənin elan olunmasını xahiş edib.

Məhkəmənin növbəti iclası 16 sentyabr tarixinə təyin edilib

Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər