“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclası İslam dövlətləri arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın təşviqi üçün mühüm fürsətdir”
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tunisin korrupsiyaya qarşı mübarizə qurumunun nümayəndəsi İmed Hazgi deyib.
O bildirib ki, iclasda korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməyə imkan verən mexanizmlər müzakirə olunub.
“Həmçinin müxtəlif dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın perspektivlərini və mümkün istiqamətlərini nəzərdən keçirdik. Bundan əlavə, bu tədbir dövlətlərə korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübələrini və qabaqcıl təcrübə nümunələrini bölüşmək, eləcə də qarşılaşdıqları yeni təhlükə və təhdidlərə qarşı mübarizənin ən səmərəli üsullarını müzakirə etmək imkanı yaradıb”, – deyə nümayəndə qeyd edib.
İmed Hazgi deyib ki, bu təhdidlər, xüsusilə, cinayətkar qrupların yeni texnologiyalardan və süni intellektdən getdikcə daha geniş istifadə etməsi ilə bağlıdır: “Onlar bu texnologiyalardan sanksiyalardan yayınmaq və aktivlərini gizlətmək məqsədilə istifadə edirlər”.
Şəbnəm Mehdizadə
