- 19 Avqust 19:40
Külli miqdarda mənimsəmədə təqsirləndirilən 35 şirkətin sahibi Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmənin sonuncu iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Rəhimova 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.
Qeyd edək ki, iş adamı F.Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
F.Rəhimovun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. Ümumilikdə isə F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı