Narkoloji Mərkəzin sabiq vəzifəli şəxslərinin məhkəməsində şahidlər dindirildi


  • 19 Avqust 13:26

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin keçmiş baş direktoru Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə ifadə verən şahid bildirib ki, alkoqol asılılığından əziyyət çəkən əmisinin müalicəsi üçün mərkəzə müraciət edib: “Allah şahiddir ki, məndən pul istəməyiblər. Sadəcə su və siqaret kimi ehtiyaclar üçün təxminən 350 manat xərcləmişik. Əmim artıq dünyasını dəyişib”.

Digər şahid Nərgiz Nəcəfova Elşən Mustafayevi tanıdığını deyib: “Elşən doktoru tanıyıram, digər şəxsi isə tanımıram. Qardaşım içki içirdi və bununla bağlı mərkəzdə müalicə alırdı. Öz istəyimlə həkimə 50 manat vermişəm. Elşən doktor çox yaxşı həkimdir”.

Lakin qeyd olunub ki, şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət var. Belə ki, istintaqda verdiyi ifadəsində o, həkimə 300 manat verdiyini demişdi, lakin məhkəmədə bunu inkar edib.

Şahid Fəridə Həşimova da hər iki təqsirləndirilən şəxsi tanıdığını bildirib. O, həyat yoldaşını müalicə üçün Zamin Əliyevin yanına apardığını və öz təşəbbüsü ilə su və siqaret üçün 50 manat verdiyini deyib. Onun sözlərinə görə, yoldaşı mərkəzdə 22 gün müalicə alıb. Lakin istintaqa verdiyi ifadəsində o da Zamin Əliyevə 300 manat verdiyini söyləmişdi.

Digər şahid ifadəsində Zamin Əliyevi tanıdığını və onun çox yaxşı həkim olduğunu qeyd edib: “Zamin həkim mənim yoldaşımı və qohumlarımı sağaldıb. Heç vaxt məndən pul istəməyib”.

Lakin istintaq materiallarında onun Aytən Məmmədova adlı şəxs vasitəsilə həkimə ümumilikdə 300 manat verdiyi qeyd olunub. Bu ziddiyyətə cavab olaraq şahid deyib ki, Aytənin pulu Zaminə verdiyini görməyib.

Şahid Elmaz Nəcəfov isə Zamin Əliyevi yalnız bir dəfə gördüyünü və əmisi oğlunun alkoqol müalicəsi üçün həkimə müraciət etdiyini bildirib. O, məhkəmədə heç kimə pul vermədiyini desə də, istintaqda 300 manat verdiyini etiraf etmişdi.

Şahid İntiqam Ağalarov təqsirləndirilən şəxslərin heç birini tanımadığını və istintaqa verdiyi ifadəni təsdiqləmədiyini bildirib. O qeyd edib: “Qardaşımın müalicəsi üçün mərkəzə müraciət etmişəm. Həkim məndən pul istəməyib. Sadəcə dərman almağımı xahiş edib. Mən uzaqda olduğumu və dərman ala bilməyəcəyimi dedikdə, onun alınması üçün həkimə 200 manat vermişəm. Bunun 70 manatını isə siqaret və su kimi ehtiyaclara görə vermişəm”.

Sonuncu şahid isə həm özü, həm də dostlarının müalicəsi üçün həkimə müraciət etdiyini və yalnız dərman alınması məqsədilə Zamin Əliyevə 500 manat verdiyini bildirib.

Digər şahidlərin dindirilməsi üçün məhkəmənin növbəti iclası 26 avqust tarixinə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər