- 15:34
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyinin nəticəsi elan olunub.
Məlum olub ki, göndərilən videolardan birinin keyfiyyətinin yaxşılaşdırılması mümkün olmayıb. Digərinin keyfiyyətinin yaxşılaşdırılması münkün olub və həmin videoya baxış keçirilib.
Zərəçəkən tərəfin vəkilləri çıxış edərək hazırki ekspertiza rəyinin öncəki rəylə eyni olduğunu bildirib və istintaqın yekunlaşmasını xahiş edib. Onlar prosesin çox uzandığını və zərərçəkənin ailəsinin bundan narazı olduğunu da bildiriblər.
A.Maqsudovun vəkili vəsatət qaldıraraq ədalətli məhkəmə prosesinin aparılması üçün rəyi hazırlayan ekspertlər Lətif Əliyev və Təhmasib Bağırovun məhkəmədə dindirilməsini xahiş edib.
Zərərçəkən tərəf vəsatətə etiraz edib.
Zərərçəkənin vəkili barışıq üçün real addımın atılmadığını bildirib: "Barışıq üçün zərərçəkənin dəfn xərcləri, övladının xaricdə təhsil xərci, ailəsinin yasda iştirakı üçün Türkiyədən bura gələrkən ödədiyi məbləğlərin çeklərini və digər ödənişlərin siyahısını Azər Maqsudov və vəkillərinə təqdim etdik. Lakin qiymətlə razılaşa bilmədik. Bildiyimiz qədəri ilə, Azər Maqsudov qəza zamanı idarə etdiyi avtomobili satıb və onun bazar qiyməti də yüksəkdir. Yəni imkanı olmadığını da deyə bilməz. Biz də barışıq üçün təklifə hazırıq. Amma real hərəkət görmürük. Çünki Azər Maqsudov kimi tanınmış ziyalının həbs edilməsi vətənimiz üçün itki olacaq. Bir ziyalımızı qəzada itirmişik, digərinin də həbsə girməsini istəmirik".
Daha sonra, vəkillərin ortaq qərarı ilə barışıq üçün danışıqların aparılması məqsədilə məhkəmənin təxirə salınması təklif edilib.
Məhkəmənin növbəti iclası 28 avqust tarixinə təyin edildi.
Müdafiə vəkili tərəfindən verilmiş vəsatətə isə danışıqlardan nəticəsindən sonra baxılacaq.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
Humay Eminqızı