Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə davam etdirilib


  • 10:57

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər dindirilib.

Firuzə Məmmədova Mehriban xanım mərkəzin direktoru, Hamlet Mustafayev isə beşinci mərtəbədəki şöbənin müdiri kimi tanıdığını bildirib: “Mərkəzdə uzun müddət tibb bacısı vəzifəsində çalışmışam. Hadisə günü işdə olmamışam. Bizim şöbəmiz 2 otaqdan ibarət idi. Lakin sonra otaq sayı 4 oldu. Mən 2 otaqda olurdu. Hadisədən son bir ilədək uşaq sayı 14 olurdu. Sonradan uşaq sayı çoxalmağa başladı. Mən 18 uşağa baxırdım. İş ağırlığı ilə bağlı Mehriban Abasquliyevaya bildirsək də, bizə qapını göstərirdi. Otaqda 4 küveyzin yerləşdirilməsi nəzərdə tutulsa da, 8 küveyz yerləşdirilmişdi. Hər küveyz 1 panelə bağlı olurdu. Hər paneldə 3 elektrik yuvası olurdu. Uşaq çoxaldığına görə elektik uzadıcısından istifadə edirdik. Bəzən uzadıcılara da uzadıcı qoşulurdu. Uşaqların çox olması ilə əlaqədar biz bunu etməyə məcbur idik. İstifadə edilmə qaydası, qadağa ilə bağlı bizə məlumat verilməyib. Hətta paneldə açıq hissələr var idi. Məni və digər tibb bacılarını “tok” vurmuşdu. Bununla bağlı böyük tibb bacısına, şöbə müdirinə bildirmişdik. Lakin bir nəticə olmurdu”.

Şahid Günel Həsənova bildirib ki, Perinatal mərkəzdə tibb bacısı vəzifəsində fəaliyyət göstərib: “Yanğın hadisəsi baş verən gün mən növbədə olmamışam. Səhər növbəni təhfil almağa gələndə yanğının baş verdiyini bilmişəm. Səhər yanğının “ tok ”a görə baş verdiyini öyrəndim. Mələk xanımın dövründə 2 otaqla işləyirdim . Mehriban xanım gələndə 4 otaq oldu, hətta dahada artırmaq istəyirdilər. İşləməyin çox ağırlaşdığını bildirəndə Mehriban xanım deyirdi ki, kimin xoşuna gəlmir gedə bilər. Biz isə ailə dolandırırıq deyə işləmək məcburiyyətində qalırdıq. Mehriban xanım personala qarşı, şəxsən mənə qarşı da aqressiv olub. Uzadıcıları birləşdirmişik amma məni cərəyan vurmayıb, naqillərin qızmasını da görməmişəm. Uzadıcıları qoşmamaq barədə də bizə təlimat verən olmayıb. Elə olmayıb ki, uzadıcı çatmasın.

Qeyd edək ki, şahid istintaqa verdiyi ifadəsində uzadıcılardan istifadə edilməməsi barədə onlara deyildiyini bildirib. Şahid bunu xatırlamadığını bildirib.

Şahid İlahə Nuriyeva əvvəl ginekologiya şobəsində, 2010-cu ildən etibarən isə yenidoğulmuşların reanimasiya şöbəsində işləyib: “ Hadisə olan gün səhərdən axşama kimi işləmişəm axşam isə işdə deyildim . Gecə və gündüz növbəsində olan tibb bacılarının sayında fərqlilik olmurdu. Mənim otağım balaca idi. Otağımda 8 küveyz olub. Küveyzlər divarlara yaxın qoyulurdu. Uşaqların sayı otaqda çox idi, baxmağı çatdıra bilmirik. Bu barədə Mehriban xanıma bildirmişik. Oda deyib ki, yaxşı olacaq. Elektrik yuvasından məni cərəyan vurub. Uzadıcılardan istifadəyə gəldikdə isə xəstə uşaq gəlirdi mən onu kuveyzə qoymaq məcburiyyətində qalırdım. Buna görə də uzadıcılardan istifadə etmək məcburiyyətində idim. Uzadıcılardan istifadə etməmək barədə bizə heçkim heçnə deməmişdi. Xəstələrin olduğu otağa mehriban xanım daxil olurdu. Uzadıcını uzadıcıyada birləşdirdiyim hallar olub. Yanğınla bağlı təlimlərdə 1 dəfə iştirak etmişəm”.

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər