Həbsdə olan İlhamə Elşadqızı: "Təmiz Ay parçası kimi xanımam" - MƏHKƏMƏ


  • 3 Sentyabr 12:46

Narkotik ittihamı ilə həbs edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının (Əsgərova) məhkəməsi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahid Etibar İsmayılov ifadə verib.

“Evə daxil olanda İlhamə xanım qapını açıb. Evə baxış zamanı dolabın içərisində olan çantanın içindən maddə aşkar edilib və ekspertizaya göndərilib. Ekspertiza zamanı maddənin metanfetamin olduğu müəyyən edilib. Təqsirləndirilən şəxsə və ya anasına qarşı heçbir təzyiq edilməyib”, - şahid ifadəsində bildirib.

Təqsirləndirilən şəxs məhkəmə qərarı, order olmadan evinə daxil olaraq baxış keçirilməsinə etiraz edib: “Məhkəmə qərarı, order olmadan evinə daxil olaraq baxış keçiriblər. Taleyimlə niyə oynayırsız? Təmiz Ay parçası kimi xanımam. Şər, böhtandır. Narkotiklə əlaqəm yoxdur, içki belə içmirəm. Analizlərim təmizdir, narkamanın qolları kəsik kəsik olur. Mənim qollarımda iz belə yoxdur. Bizə ora narkamanları gətirirlər. Gecələr inildəyirlər. Məni niyə onların içinə salmısız? Evimə də 5 nəfər yox, 7 nəfər daxil olmuşdu”.

Təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxsin anası Almaz Əsgərova şahid qismində dindirilib.

“Səhər 11 radələrində təzə oyanmışdıq. Qapı döyüldü. İlhaməyə dedim ki, gözlə qapını bir yerdə açaq. Qapını açdım, gördüm ki, nə qədər adam. Soruşdum məhkəmə qərarı varmı evə belə daxil olursuz? Onlardan birinin əlində yaylıq və telefon var idi. Bir də gördüm ki, İlhaməni üzü divara söykədib tutublar. Sonra mənə dedilər çıx, çıxmadım. Birdə gördüm ki, kimsə vurdu məni, başım dəydi dəmirə, halım pisləşdi. Mən özləri ilə gətirdikləri yaylığı çantaya qoydularını görmüşəm. Onu çantaya Anar qoydu. Bunu gördüyümü başa düşəndə məni çıxardılar çölə. Sonra qızımı gördüm qıpqırmızı idi, qolunda qandal var idi”, - Almaz Əsgərova bildirib.

Məhkəmənin növbəti iclası 17 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, İlhamə Elşadqızına qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilərsə, o, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər