- 20:51
Abşeronda əmisinin evindən oğurluq etməkdə təqsirləndirilən Səbuhi Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Rüstəmov 2 il müddətinə azadlıqdan məhrum edilib.
S.Rüstəmov məhkəmədə ifadəsində deyib ki, bir neçə aydır ki, narkotik vasitə qəbul edir. Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayında “Şəfa” toyuq fabrikinin Bakı şəhəri, Dərnəgül şosesinin kənarında yerləşən anbarında işləyib. Həmin anbardan toyuq məhsullarını mağazalara paylayaraq topdan satışı işini həyata keçirib. Mağazalardan toyuq məhsullarının satışına görə aldığı və anbara ödəməli olduğu pullardan ehtiyacı olduğu üçün xərcləyib. Anbara 4000 manat borcu yaranıb. Ondan həmin pulun kassaya ödənilmə tələb olunub. Odur ki, bu əməllə əl atmaq qərarına gəlib.
Təqsirləndirilən şəxs deyib ki, pulu oğurladıqdan sonra iş yerinə gedib anbara olan borcunu ödəyib. Təxminən iki-üç ay müddətində evə getməyib. Çünki bilib ki, onu axtaracaqlar. Odur ki, otellərdə yaşayıb oğurladığı pulların qalanını da otel haqqı və yaşayışı üçün xərcləyib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə