- 8 Sentyabr 21:38
Bakıda söyüş üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr Elmidar Məmmədquliyev və Qismət Nağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan iclasda şahidlər dindirilib.
Şahid qismində ifadə verən Elxan Əliəsgərov mərhum Nicat Bədəlovu tanıdığını bildirib. Onun sözlərinə görə, hadisədən öncə Elmidar və Qismətlə heç vaxt qarşılaşmayıb: “Elmidarın əlində bıçaq görmüşəm, lakin bu, hadisə zamanı olmayıb. Nicatın əlində isə bıçaq olmayıb. Hadisə zamanı kimin onu bıçaqladığını görməmişəm. Nicat həmin gün sərxoş idi. Tikilinin arxasında mübahisədən sonra əlini qarnına tutaraq çıxanda bildim ki, yaralanıb. Mübahisə başlayanda bizə dedilər ki, ora gəlməyək. Oradan səslər gəlmirdi, məsafə kifayət qədər uzaq idi. Muradı ora göndərdik ki, nə baş verdiyini öyrənsin. Məndə bıçaq olmayıb və heç bir bıçaqda da mənim barmaq izim yoxdur”.
Məhkəmədə şahidin 26 iyun və 22 iyul tarixlərində istintaqa verdiyi ifadələr arasında ziddiyyətlər olduğu müəyyən edilib. Elxan Əliəsgərov bu fərqi ifadə verərkən həyəcan keçirməsi ilə izah edib. Deyib ki, 22 iyulda yenidən gəlib ifadə verməsi üçün ona heç kim təzyiq göstərməyib. Şahid 22 iyulda verdiyi ifadəni yenidən təsdiqləyib.
Məhkəmənin növbəti iclası 6 oktyabr tarixinə təyin edilib.
Aparılmış istintaqla müəyyən edilib ki, 2024-cü ilin iyununda yetkinlik yaşına çatmayan Qismət Nağıyev və Elmidar Məmmədquliyev doğum günü münasibətilə "Huqqa" restoranına gediblər. Gecə saatlarında "McDonald's" yaxınlığında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan Nicat Bədəlovla aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada Elmidar Məmmədquliyev bıçaqla Nicat Bədəlova hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. Nicat hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.
Hadisədən sonra Elmidar Məmmədquliyev və Qismət Nağıyev saxlanılıb. Hər ikisinə qarşı CM-nin 120.2.1, 120.2.2 və 228.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı