- 9 Sentyabr 20:13
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Xalid Kərimov məhkəməyə videokonfrans vasitəsi ilə qoşularaq ifadə verib.
Məlum olub ki, zərərçəkmiş şəxsin daha öncə Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə məhkumluğu olub.
Zərərçəkən sərbəst ifadəsi zamanı deyib: "Bənizlə yaxın munasibətim olub, aramızda olan müəyyən münaqişələrə görə onu qorxutmaq məqsədiylə ondan polisə şikayət etdim ki, işlətdiyi ifadəyə görə peşiman olsun. Aybəniz mənə hər hansı zərər vurmayıb, əksinə özümün ona müəyyən zərəri dəyib".
Daha sonra Aybəniz Xəlilovanın vəkili müdafiə etdiyi şəxs barədə seçilmiş həbsqətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağləı məhkəməyə vəsatət verib.
Eyni zamanda dövlət ittihamçısı zərərçəkmiş şəxsin verdiyi ifadələrdə ziddiyətlərin olması ilə əlaqədar Xalid Kərimovun məhkəmə zalında dindirilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclasında zərərçəkmiş şəxs iş üzrə sual-cavab ediləcək.
Məhkəmənin növbəti iclası 30 sentyabr tarixinə təyin edilib.
Qeyd edək ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
Humay Eminqızı