- 15:52
Bakıda qadın həyat yoldaşının işlə bağlı tez-tez xaricə getməsindən narazı qalaraq boşanmaq qərarına gəlib. Bu isə ailədaxili münaqişəyə səbəb olub və nəticədə kişi həyat yoldaşına qarşı fiziki zorakılıq törədib.
E-huquq.az xəbər verir ki, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi üzrə cinayət işi başlanıb.
Cinayət işi ilə bağlı keçirilən məhkəmədə təqsirləndirilən şəxs bildirib ki, 2011-ci ildə zərərçəkmiş qadınla ailə həyatı qurub və bu nikahdan üç övladları olub. Ailə qurulduğu vaxtdan münasibətlərdə gərginlik yaşanıb. Onun sözlərinə görə, mübahisələrin əsas səbəbi tez-tez işləmək məqsədilə xarici ölkələrə getməsi olub.
Təxminən 5 ay öncə Albaniyaya gedən kişi, həyat yoldaşının boşanmaq istədiyini öyrəndikdən sonra onu qərarından daşındırmaq məqsədilə Azərbaycana qayıdıb.
Hadisə baş verən gün qadın ondan pul alaraq bazara gedib. Günorta saat 15 radələrində evə qayıtdıqda, həyətə daxil olarkən əri ona gec qayıtdığı və zənglərə cavab vermədiyi üçün irad bildirib. Bu zaman qadınla arasında mübahisə yaranıb və kişi onun baş və üz nahiyəsinə dəfələrlə zərbə endirib.
Zərərçəkmiş qadın məhkəmədə ifadə verərək bildirib ki, ərinin tez-tez ölkədən getməsi, onu qısqanması və əvvəlki dövrlərdə də ona qarşı şiddət göstərməsi münasibətlərin pozulmasına səbəb olub. Qadının sözlərinə görə, ərinin Albaniyada olduğu müddətdə ondan boşanmaq üçün rəsmi müraciət edəcəyini deyib. Bunu eşidən kişi ölkəyə qayıdıb.
Qadın təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.
Bildirib ki, ərinin azadlığa çıxacağı təqdirdə həyatına təhlükə yaradacağından qorxur. Onun sözlərinə görə, kişi Albaniyadan dəfələrlə ona və uşaqlarına zəng edərək hədələyib, sonuncu dəfə isə "sürpriz" edəcəyini, qayıdaraq üzünə bıçaqla kəsik atacağını deyib. O əlavə edib ki, ailə birlikdə yaşadığı müddətdə ərindən dəfələrlə şiddət görüb, polisə müraciət etsə də, uşaqlarına görə şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə