- 15:52
Saatlıda həmkəndlisinin evindən oğurluq etməkdə təqsirləndirilən İlqar Kərimovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona 1 il, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elekktron qolbaq) cəzası təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs həmkəndlisinə məxsus Saatlı rayon Gomuşçu kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsini bıçaq ilə mexaniki təsir göstərərək açıb həmin evə qanunsuz daxil olaraq, qonaq otağından 1000 manat dəyərində televizoru, 20 manat dəyərində peyk qəbuledici aparatı və sintetik materialdan hazırlanmış 5 manat dəyərində parçanı oğurlamaqla 1025 manat məbləğdə maddi ziyan vurub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
20 yaşlı təqsirləndirilən şəxs məhkəmədə ifadəsində deyib ki, hadisə baş verən gün zərərçəkmişin oğlunun toy məclisi olub. Ona görə də evin boş olmasından istifadə edərək mənzilə daxil olub. Oğurluq etməsinə səbəb Bakıda yaşayan sevgilisi ilə görüşmək üçün pula ehtiyacının olması olub.
Şəbnəm Mehdizadə