Perinatal Mərkəzdəki yanğına görə təqsirləndirilən sabiq direktor məhkəmə istintaqı dövründə 2 dəfə ölkə xaricinə çıxıb


  • 11:23

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Yeganə Əhmədova təqsirləndirilən şəxsləri tanıdığını bildirib. “Mərkəzdə yenidoğulmuşların reanimasiya şöbəsində 7 ay işləmişəm. Xadimə kimi fəaliyyət göstərmişəm. Struktur dəyişiklikləri ilə bağlı iclaslarda iştirak etməmişəm. Hadisə baş verən gün növbədə idim. Yanğını birinci Validə xanım görmüşdü. Biz şöbəni yığışdırıb mətbəx tərəfə keçmişdik. Həmin gün məndən başqa 1 nəfər də təmizlik işləri ilə məşğul idi. Səsə getdik gördük ki, küveyzin yan tərəfindən yanğın başlayıb. Uşaq yanmasın deyə tez götürdüm onu. Uşağı xilas edib digər otağa keçdim. O uşaq indi yaşayır. Mən orada işlədiyim vaxt kimisə cərəyanın vurmağını eşitməmişəm, naqillərin qızması ilə də rastlaşmamışam. Yanğın zamanı gördüm su daşıyırdılar, mən də başladım kömək etməyə. Hamlet müəllim şöbə müdirimiz idi. Böyüklərin şöbəsindən qan gətirmək barəsində mənə heç kim heç nə deməyib. Yanğının söndürülməsi ilə bağlı təlimdə yanğın söndürmə qaydaları başa salınsa da, həmin an həyəcandan küveyzlərə su tökürdük”.

Qeyd edək ki, şahid istintaqa verdiyi ifadəsində bildirib ki, yanğınla bağlı təlimdə iştirak etməyib. O istintaqa verdiyi ifadəni təsdiq etməyib.

Şahid Asif Dadaşov ifadəsində bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: “2010-cu ildən dəstək xidmətində elektrik kimi fəaliyyət göstərirdim. Bəzən şöbə işçiləri zəng edirdi ki, nə isə işləmir, gəlin düzəldin. Panellərdə olan elektrik yuvalarına mən baxmırdım. Elektrik yuvalar anbardan götürülürdü. Yanğınla bağlı təlimlərdə iştirak etmişəm. Elektrik yuvasının işləməməyi və dəyişdirilməsi barədə Elnur müəllimə demişdim. Otaqlarda uzadıcılar var idi . Mən onlardan istifadə etməmişəm, amma şöbədəkilər uzadıcılardan istifadə edirdi. FHN-nin yoxlamalarında iştirak etməmişəm. Naqillərin qızması, qoxunun gəlməsi yadıma gəlmir. Hamlet müəllimdən 4-cü mərtəbə ilə bağlı göstəriş almamışam, o yalnız 5-ci mərtəbə ilə bağlı göstərişlər verib”.

İbtidai istintaq dövründə verdiyi ifadədə isə şahid FHN tərəfindən yoxlamalar keçirilərək nasazlıqların müəyyən edildiyini bildirib.

Şahid bildirib ki, mərkəzdə işlədiyi 15 il ərzində qısa qapanma halları olub.

O əlavə edib ki, yanğının səhəri günü mərkəzə gələndə “şitin” atdığını görüb.

Şahid Rugiyyə Qocayeva isə bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır və yenidoğulmuşların şöbəsində təsərrüfat bölməsində işləyib: “Mən təmizlik işlərinə də nəzarət etmişəm. Xadimə və tibb bacılarının növbəsini Məhbubə xanım müəyyən edirdi. Şampun, yuyucu toz, uşaq geyimlərinə nəzarət edirdim və nə lazım idisə, qeyd edirdim. Bir dəfə uzadıcı da sifariş etmişəm. UZİ və digər səyyar avadanlıqlar üçün sifariş etmişəm. Uzadıcını ambardar Xəyyam müəllimdən götürmüşəm. 6 uzadıcı götürmüşdüm. Uzadıcı götürməyi Məryəm xanım demişdi. Deyirdi ki, təzə otaq açılıb, əgər verirlərsə, anbardan götür uzadıcıları ehtiyyat üçün saxlayaq. Mən anbardan başqa yerdə uzadıcı götürməmişəm. Uzadıcıları götürüb dolablara qoymuşam, tibb bacıları da lazım olanda oradan götürürdülər.

Hüquqi varis Emil Abbasəliyev adı ağır cinayətdə hallanan və körpənin ölümündə təqsirləndirilən şəxslərdən birinin ölkə xaricinə çıxdığını bildirib.

Daha sonra dövlət ittihamçısı bildirib ki, Mehriban Abasquliyeva 2 dəfə ölkə xaricinə çıxıb və bu barədə heç kimə bildirməyib.

Mehriban Abasquliyeva isə deyib ki, məhkəmə istintaqı dövründə xaricə çıxmasının qadağan olduğunu bilməyib.

Məhkəmənin növbəti iclası 29 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər