Sevgilisinin qətlində təqsirləndirilən şəxsin məhkəməsi: "Bacım zəng edib dedi ki, məni öldürürlər"


  • 16:35

Bakıda qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verie ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elnarə İbrahimovanın bacısı dindirilib.

G.İbrahimova ifadəsində bildirib ki, bacısı ilə İ.Rəcəbzadə arasında münasibət olduğundan xəbərsiz olub. Onun sözlərinə görə, təqsirləndirilən şəxsi bacısının işlədiyi restoranın müştərisi kimi tanıyıb: “Bacım mənə demişdi ki, İgid bizim yerlidir. Onun Bakıya gəlməyindən 6-7 ay keçirdi. Biz ayrı-ayrı ünvanlarda yaşayırdıq, bacım isə başqa bir şəxslə birlikdə qalırdı. İş yerlərimiz də fərqli idi. Sonradan o da işlədiyim restoranda işə başladı. Hadisə isə bir yerdə işləməyə başladığımızdan cəmi iki gün sonra baş verdi. Hadisə günü bacım İgidlə birlikdə köynək almağa getmişdi. Mən ona irad bildirdim ki, tanımadığın bir şəxslə iş vaxtı hara gedirsən? Daha sonra bacım mənə zəng edərək dedi ki, "bu insan məni öldürür, məni xilas et". Mən dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim”

Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə elektron daşıyıcı (disk) təqdim edib. Məhkəmə prosesinin həmin mərhələsində disk rəsmi şəkildə nümayiş etdirilməsə də, vəkil görüntünü mobil telefon vasitəsilə məhkəməyə təqdim edib. Həmin videoda təqsirləndirilən şəxslə şahidin, yəni mərhumun bacısının birlikdə rəqs etdiyi aydın görünür. Bundan sonra vəkil şahidə müraciət edərək, niyə ilkin ifadəsində təqsirləndirilən şəxsi tanımadığını söylədiyini sorğulayıb və onun verdiyi ifadənin həqiqətə uyğun olmadığını əsaslandırmağa çalışıb.

Şahid bildirib ki, təqsirləndirilən şəxs onun yerlisi olduğuna görə onunla rəqs edib.

Daha sonra İ. Rəcəbzadənin vəkili vəsatətlə çıxış edərək, hadisənin baş verdiyi gün mərhumla bacısı arasında baş tutmuş telefon danışıqlarının çıxarılmasını məhkəmədən xahiş edib. Məhkəmə həmin vəsatəti təmin etməyib

Məhkəmənin növbəti iclası 14 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikah münasibətində yaşadığı 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Humay Eminqızı

Oxşar xəbərlər