İctimai fəal Əhməd Məmmədli məhkəmədə özünü təqsirli bilməyib


  • 11:53

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin şüşə qəfəs arxasında deyil, vəkil yanında əyləşməsini məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Ə.Məmmədli elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra zərərşəkmiş şəxsin dindirilməsi ilə bağlı qərar qəbul edib.

Ə.Məmmədlinin vəkili müdafiə etdiyi şəxsin zərərçəkmiş məhkəmədə iştirak etdiyi təqdirdə ifadə verməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

“Taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında zərərçəkmiş Vüqar Dünyamalıyev, mən isə digər qapı tərəfdə əyləşmişdim. Bizim ortamızda tanımadığım şəxs idi. “Manatlıq taksi” idi və son sərnişin mən idim. Yol boyu hər hansı bir mübahisə olmayıb. Hər kəs yorğun qayıdırdı. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi . Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı. Sonra qapı açıldı. Çöldə bir nəfər hazır gözləyirdi. Mən oturduğum tərəfin qapısını açdı. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncələr verirdilər, bədənimə tok veriblər, hətta gözümdən qan gəlirdi. O an başa düşdüm ki, artıq polis tərəfindən saxlanılmışam. Mənə suallar verməyə başladılar: Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən? və s. İşgəncələrdən sonra məni qandallayıb maşına qoydular. Mən polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım. Yalandan yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı. İzləyirdim görüm hansı ssenari quracaqlar. Ərazini lentlədilər, bıçağı isə götürüb salafana qoydular”, - deyə Ə.Məmmədli ifadəsində bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxs fəaliyyəti ilə əlaqədar təhsil hüququnun məhdudlaşdırıldığını və işdən azad edildiyini bildirib.

Zərərçəkmiş şəxsin məhkəmədə iştirakının təmin edilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 2 oktyabr tarixinə təyin edilib .

Qeyd edək ki, Ə.Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Ə.Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər