- 18:49
"Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir".
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətində deyib.
"İnsan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalət mühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilmiş, hakimlərin müstəqilliyi möhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarının və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə, məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir".