- 18:49
"Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir".
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətində deyib.
"Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavab verilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoq platformasıdır. Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr və nəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələr verəcəkdir".