- 20:21
Oktyabrın 13-də Sumqayıtda fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş konfrans keçirilib.
E-huquq.az xəbər verir ki, Konfransdan öncə hakimlər və məhkəmə sədrləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş ekspozisiyalar və fotostendlərlə tanış olublar.
Tədbirdə Sumqayıt şəhərinin ali və orta ixtisas təhsil müəssisələrinin – Sumqayıt Dövlət Universitetinin, Sumqayıt Texniki Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Sumqayıt Tibb Kollecinin müəllim və tələbə heyəti iştirak edib. Ümumilikdə konfransa 380 nəfər qatılıb.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransda məruzəçilər “Konstitusiya və Suverenlik ili” mövzusuna dair müxtəlif istiqamətlər üzrə çıxışlar ediblər:
• Sumqayıt Kommersiya Məhkəməsinin sədri İslam Əliyev – “Azərbaycan hüquqi dövlətçiliyinin inkişafında, Konstitusiya və suverenliyin qorunmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rolu” mövzusunda, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mehriban Mahmudlu-Abbaszadə – “Konstitusiyanın əsas prinsipləri və vətəndaş hüquqları” mövzusunda, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev – “Dövlət hakimiyyətinin bölünməsi prinsipi Konstitusiya maddələri əsasında” mövzusunda, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fərid Nəsimiyev – “Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya təminatları” mövzusunda çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Konstitusiyasının əsas prinsipləri, dövlət hakimiyyətinin təşkili, vətəndaş hüquq və azadlıqlarının təminatı, habelə hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu ətrafında geniş müzakirələr aparılıb.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan hüquqi dövlətçiliyinin və milli suverenliyin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri, eləcə də bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin müstəqilliyinin, sabitliyinin və dayanıqlı inkişafının əsas təminatıdır.
Konfransın sonunda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.