- 14 Noyabr 15:06
Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədirliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, məhkəmədə şahid qismində dindirilən 2 şəxs və mərhum barəsində gedən ayrı cinayət işi ilə əlaqədar məlumat əldə etmək üçün Yasamal rayon polis idarəsinə sorğu göndərilməsini məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib.
Hadisə yerinin videogörüntüsünə baxış zamanı Pünhan Fərzallını bıçaqlandıqdan sonra üzərində bıçaqla maşına mindirilərək xəstəxanaya aparıldığı əks olunub.
Vəkilin sözlərinə görə, bıçaq maşında bədəndən çıxarılıb və yerə atılıb.
Sorğuya cavab alındıqdan sonra məhkəmə istintaqının yekunlaşdırılması planlaşdırılır.
Məhkəmənin növbəti iclası 1 dekabr tarixinə təyin edilib.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq qəsdən öldürməkdə təqsirləndirilir.
Humay Eminqızı