Məzmuna keç

Baş prokuror Mərakeş və İraqın antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşdü – FOTO

Cari il oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti Məhəmməd Benalilu və İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı doktor Məhəmməd Əli əl-Lami ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Görüşlərdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən hüquqi və institusional islahatlar barədə məlumat verib. Dövlət başçısının 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planını təsdiq etməsi ilə bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və elektronlaşdırılması istiqamətində müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb.

Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti ilə görüşdə Azərbaycan-Mərakeş münasibətlərinin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Baş prokuror 2026-cı ilin aprelində Mərakeşə işgüzar səfərini və ölkənin dövlət rəsmiləri ilə keçirdiyi görüşləri xatırladaraq, həmin təmasların ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayıb.

Məhəmməd Benalilu səmimi qəbula görə təşəkkürünü bildirərək, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin, habelə müvafiq qurumlar arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeşin müvafiq qurumu arasında əməkdaşlığın inkişaf perspektivlərini, qabaqcıl təcrübənin öyrənilməsini və beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı ilə görüşdə Azərbaycan-İraq münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı müsbət qiymətləndirilib, İraqın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Baş prokuror 2024-cü ilin noyabrında Qətərdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin ikinci yüksək səviyyəli görüşü çərçivəsində Məhəmməd Əli əl-Lami ilə, habelə 2024-2025-ci illərdə İraqın məhkəmə və prokurorluq orqanlarının rəhbərləri ilə keçirdiyi görüşləri xatırladaraq, bu təmasların hüquqi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Məhəmməd Əli əl-Lami korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Görüşdə iki qurum arasında əməkdaşlığın inkişaf perspektivləri, qabaqcıl təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İraq Respublikasının Federal Dürüstlük Komissiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.