Ərəstun Oruclunun məhkəməsi başladı


  • 5 Yanvar 10:31

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin ilkin baxış iclası 14 yanvar tarixinə təyim edilib.

Xatırladaq ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Humay Eminqızı

Oxşar xəbərlər