- 5 Yanvar 18:10
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində məhkəmədə dindiriləcək olan Tamella Musayevanın dindirilməsinə vəkillər etiraz ediblər. Onların sözlərinə görə, T.Musayeva eyni məzmunlu digər icraatda gedən iş üzrə təqsirli bilinir. T.Musayeva özü də ifadə verməkdən imtina edib. Məhkəmənin qərarı ilə onun dindirilməsi müvəqqəti təxirə salınıb.
Şahid Əli Rəhmli bildirib ki, SOCAR-da işləyir, Anar Məmmədlini 2-3 il öncə tanıyıb: “Mən veb saytlar qururdum, Anar Məmmədli ilə də “Gözətçi” saytını qurarkən tanış olmuşam. Bunun müqabilində mənə təxminən 1000 manat civarında ödəniş edilib. İşlə bağlı aramızda rəsmiləşmənin olub-olmadığını xatırlamıram. Anarı hadisələr baş verənə qədər media orqanının rəhbəri kimi tanımışam. Ofisdə 2-3 dəfə olmuşam. İstintaq dövründə mənə müəyyən sənədlər göstərilib və imzanın məna aid olub-olmadığı soruşulub. Mən isə imzaların mənə aid olmadığını demişəm”.
Şahid İsmayıl Hacıyev deyib ki, “Evrika” liseyində tarix müəllimi işləyir. O bildirib ki, A.Məmmədlinin seçki ilə bağlı sosial mediadan postlarını izləyib: “Son seçkilərdə texniki işlərlə bağlı ona kömək də etmişəm. Bunu maddiyyat qarşılığında etməmişəm. Müqaviləmiz olmayıb. Gürcüstan və Türkiyəyə turistik səfər edərkən təsadüfən onunla eyni reysdə olmuşam”.
Onun sözlərinə görə, A.Məmmədli regionlardan gələn şəxslərin xərclərini qarşılamaq məqsədi ilə ona bir dəfə pul verib.
Şahid Aygün Veyisova bildirib ki, A.Məmmədli ilə təcrübə proqramı axtararkən tanış olub: “Fikir verirdim ki, təcrübə proqramında mənə demək olar ki, heç nə öyrətmirlər, ona görə də ayrıldım ordan. Prezident seçkilərində müşahidəçi qismində iştirak etdiyim üçün mənə 50 manat ödəniş edilib. İstintaq dövründə mənə imzalı sənədlər göstərilib. İmzaların mənə aid olmadığını demişəm”.
Şahid Gültən Qurbanova 2022-ci ildə A.Məmmədli ilə loqo yaratmaq üçün tanış olduğunu deyib: “Görüşlər canlı həyata keçirilməyib, sadəcə mesajlaşma olub. 2023-cü ildə loqoları təhvil verib bunun qarşılığında 300 manat aldım. İbtidai istintaq dövründə mənə göstərilən sənədləri birinci dəfə idi görürdüm”.
Digər şahidlərin dindirilməsi ilə əlaqədar məhkəmənin növbəti iclası 19 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı