Bacısının ərinin qətlində təqsirləndirilən şəxsin məhkəməsi keçirildi


  • 5 Yanvar 18:10

Bakıda bacısının keçmiş ərinin üzərinə benzin töküb yandıran Məhərrəm Hüseynzadənin məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin görüntüləri nümayiş etdirilib.

Videogörüntüdə təqsirləndirilən M.Hüseynzadənin mərhum Zəhmət Əhmədoba yaxınlaşarkən mərhumun alışaraq yandığı müşahidə edilir.

Hakim Aytən Əliyeva mərhuma nəyə görə əl uzatdığını və əl uzatmazdan öncə cibindən nə götürdüyünü soruşub.

“Onu maşına otuzdurmaq üçün cibimdən maşının açarını götürdüm, əlimi ona uzadaraq qolundan tutub maşına otuzdurmaq istəyərkən o alışıb. Əlində nəyin olduğunu görməmişəm”, - deyə təqsirləndirilən şəxs cavab verib.

Hakimin niyə mərhumu söndürməyə çalışmaması barədə sualına cavabında isə təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı özünü itirib.

Ekspert rəyinə əsasən, yanğın təqsirləndirilənin sağ əlindəki naməlum əşyadan başlayıb.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, mərhum öz üzərinə benzin tökərkən bir qismi onun da üzərinə tökülüb: “Təqsirləndirilən üzərində benzinin olduğunu bilə-bilə necə alışqanı öz əli ilə yandıra bilər? Əgər özü yandırıbsa belə, necə onun bədənində yanıq xəsarətləri aşkar edilməyib?”

Vəkil yenidən ekspertizaların təyin edilməsini istəyib.

Məhkəmənin növbəti iclası 19 yanvar tarixinə təyin edilib.

İttiham aktına əsasən, ötən il mayın 29-u gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, Məhərrəm Hüseynzadənin bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda oraya gələrək, səs-küy yaradıb. Bina sakinləri narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə "BMW" markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış sözlü mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub. Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Humay Eminqızı

Oxşar xəbərlər