"Atam anama bıçaqla vururdu, mən qışqırırdım" - BAKIDA DƏHŞƏTLİ QƏTL


  • 6 Yanvar 16:44

Bakıda həyat yoldaşını qətlə yetirməkdə və tanışını yaralamaqda təqsirləndirilən Əfqanıstan Respublikası vətəndaşı Samandar Səfayinin cinayət isi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Canmirzə Cabbarov məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəni təsdiq edib və səhhətində olan problemlərə görə məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.

Təqsirləndirilən şəxsin və mərhumun qızı Səma məhkəmədə sərbəst ifadə verib: “Anamla atamın münasibəti yaxşı olub. 2021-ci ildən münasibətləri korlanmağa başladı. Anam evdar xanım idi. Atam anamı qısqanırdı. Atam təxmin edirdi ki, anam bir kişi ilə danışır. Atam anamın Canmirzə ilə münasibəti olduğunu bildikdə də boşanmadı. Boşanmaq istəsə də, uşaqlarının ana ilə qala biləcəyinə görə boşanmadı. Birlikdə yaşamağa davam etdilər. Atam anamı qısqandığına görə çox döyürdü. Elə olub ki, anam özünü öldürmək də istəyib. Hadisə baş verən gün yataq otağında idim. Anam və atam qonaq otağında idi. Bir də gördüm ki, atam bıçağı götürüb anamın üzərinə getdi. Anam çölə qaçmağa başladı, mən də onun yanına getdim. Anama bıçağı vuranda görmüşəm. Qışqırırdım, atam mənə qulaq asmırdı”.

Zərərçəkmiş Canmirzə Cabbarovun həyat yoldaşı Xanım Cabbarova ifadəsində bildirib ki, hadisə baş verən gün evdə olmayıb: “Yoldaşımın təqsirləndirilənin yoldaşı ilə münasibəti olması səbəbindən bıçaqlandığını sonradan bilmişəm”.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı və çıxışlar mərhələsinə keçildiyi elan edilib.

Məhkəmənin növbəti iclası 13 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki,hadisə 2025-ci il iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Qəsəbə sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər