Aliment borcunu ödəməyən ata cəzalandırıldı


  • 7 Yanvar 11:53

Məhkəmə aliment borcunu ödəməyən şəxsi cəzalandırıb.

E-huquq.az-ın məlumatına görə, məlum olub ki, Nazim Əliyev (şərti) 2852 manat aliment borcunu ödəməyib və icra məmurunun çağırışına gəlməyib. Müvafiq qurum tərəfindən ona bildiriş göndərilməklə rəsmi qaydada xəbərdarlıq edilib. Sonra həmin icra sənədi üzrə borc məbləği ödənilən günədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Daha sonra icra tədbirləri nəticəsində borclu şəxsin yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış haqqında qərar qəbul edilib.

N.Əliyev bildirib ki, o, barəsində qəbul edilmiş qərarda göstərilən məbləğdən az olsa da, hər ay mütəmadi olaraq ödənişlər etsə də, lakin son dövrlərdə işsiz olması səbəbindən aliment ödənişlərini tam şəkildə həyata keçirə bilməyib. Qolunda olan qüsur səbəbindən iş qabiliyyəti mövcud olmayıb. Lakin o, heç bir zaman həmin haldan sui-istifadə edərək aliment öhdəliyini icra etməkdən qərəzli olaraq yayınmayıb. N.Əliyev barəsində tərtib edilmiş protokol üzrə 480 manat məbləğində ödəniş etsə də, tələbkar həmin məbləğlə razılaşmayıb.

Tələbkar deyib ki, o, azyaşlı uşağının baxımı və saxlanılmasını təkbaşına yerinə yetririr. N.Əliyev ona 480manat məbləğində pul ödəsə də, yalnız sonuncu tərəfindən 300–500 manat məbləğində əlavə ödəniş edildiyi halda ondan şikayətçi olmaz.

Abşeron Rayon Məhkəməsi iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və hesab edib ki, N.Əliyev icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınıb. Belə olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir.

Məhkəmənin qərarına əsasın, N.Əliyevə 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər