- 15:19
Abşeronda keçmiş məhkum evdən məişət avadanlıqları və qab-qacaq oğurladığına görə həbs olunub.
E-huquq.az-ın məlumatına görə, Camal Məmmədov (ad-soyad şərti) Abşeron rayonu, Digah qəsəbəsindəki bir evin hasarını aşaraq həyətyanı sahəyə daxil olub. Sonra evin mətbəx pəncərəsinin dəmir barmaqlığını qıraraq və kilidi vint açan vasitəsi ilə açaraq evə girib. O, qonaq otağından televizoru və müxtəlif markalı qazan dəstlərini oğurlayaraq ümumilikdə 1370 manat dəyərində əmlakı talayıb.
Sonra o, təkrar olaraq eyni qəsəbədə başqa bir evin hasarını aşaraq həyətyanı sahəyə daxil olub və yataq otağı pəncərəsini açaraq evə girib. Buradan 600 manatlıq notebook, müxtəlif qiymətlərdə gümüş və mirvari boyunbağılar, sırğa və qolbaq daxil olmaqla ümumilikdə 965 manat dəyərində əmlakı oğurlayıb.
C.Məmmədov ifadəsində deyib ki, cəzadan vaxtından əvvəl şərti azad olunub, cəzadan azad olunduqdan sonra fərdi işlə məşğul olub. Son vaxtlar səhhəti ilə əlaqədar işləyə bilmədiyi üçün maddi problemləri olub, ailəsini doladırmaq məcburiyyətində olub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə